Kokpit.az xatırladır ki, Albert Park trasının altıncı döngəsi son illərdə bir neçə dəfə dəyişdirilib. Üç il əvvəl bu döngənin sağ tərəfi 7.5 metr enlənib və bunun hesabına həm düzlükdəki sürətin, həm də ötmələrin sayının artırılması planlaşdırılırdı. Ancaq Corc Rassell burada 2024-cü ildə qəza keçirmiş və bu dəyişiklik barədə yenidən düşünülmüşdü.
Yarışın sonlarında Corc Rassell Fernando Alonsonu keçmək istəyərkən sərt formada divara çırpılmış və bolid çevrilmişdi. Elə eyni həftəsonunda Aleks Elbon altıncı döngədə bariyerlərə çırpılaraq, şassisini ciddi formada zədələmişdi.
Sürücülər 2025-ci ilin ilk yarışından əvvəl döngənin yenidən düzəldilməsi üçün çağırış etmişdilər. Ancaq Formula 1-in ən təcrübəli sürücüsü olan Fernando Alonso düşünür ki, bu dəyişikliklərdən sonra döngə daha da təhlükəli olub.
Dəyişiklik isə belədir: Sol tərəfdəki qaçış zonası dəyişdirilib. Bolidlərin yavaşlaması üçün kerb əlavə olunub. Çınqıllı zondan əvvəl isə yarımmetrlik beton sahə yığılıb. Ancaq həftəsonu ərzində çınqıllı zona getdikcə kerbə yaxınlaşıb və ən xırda səhv təkərlərin çınqıllı zonaya düşməsinə gətirib çıxarırdı.
Fernando Alonso da bazar günü altıncı döngədə maşının idarəetməsini itirərək, mübarizəni dayandırıb: “İnsidenti yenidən nəzərdən keçirməliyəm, çünki hazırda anlamaq çətindir. Trasdan çıxmadım. Sadəcə o ana qədər atdığım dövrələrdən fərqli bir yarış trayektoriyası istifadə etdim. Buna görə də trayektoriyanı itirdim.
Altıncı döngənin yeni quruluşu yaxşı deyil, çünki çınqılı trasdan çıxarmır, əksinə içəri doğru gətirir. Məncə, burada çox maşın zədə aldı. Xüsusən də Antonelli sıralanma turunda altlığını məhv etdi.
Bir döngədə trasa çınqıl dolmamalıdır, çünki həm sürücülər, həm də marşallar üçün təhlükəlidir. Buna görə də altıncı döngə yenidən dəyişdirilməlidir”.
Şərh əlavə et