Xəbəri Kokpitdə Oxuyun!

Qətər 2023: Ferstappen uzun fasilədən sonra poul qazanıb

Mövsümün sonuna doğru əsas intriqa Mühəndislər Kuboku uğrundakı mübarizədədir. McLaren və Ferrari əsas favoritlərdir və hər iki köklü komanda çox uzun illərdir ki, bu titulun həsrətindədirlər.

Mövsüm boyu hər iki komanda bir-birini üstələməyə çalışıb. Qətərdə artıq sprint yarışının sıralanma turundan məlum olub ki, McLaren öndədir. Hər nə qədər sərbəst yürüşlərdə Şarl Lekler hamını üstələsə də, Lando Norris sprint yarışına ən öndən başlamağa haqq qazanıb. Finiş xəttində komanda yoldaşını önə buraxıb və McLaren dubl edərək qiymətli xallar qazanıb.

Pirelli Qətərə ən sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib.

İlk sessiyada Rassell orta, qalan hamı yumşaq təkərlərlə trasa çıxıb. Corc da dərhal qayıdıb və Soft təkərlərə keçib. Maqnussen, Albon və Kolapintonun dövrələri trasın sərhədlərini pozduqları üçün ləğv edilib. İlk cəhddən sonra Rassell dövrəni 1:21.519 ilə tamamlayaraq lider olub. Maqnussen trasdan çıxıb, Piastri isə çınqıllıq zonaya düşüb. Lakin burada səddlər trasdan çox aralıdır və heç bir ciddi qəza baş verməyib. Norrisin sürətli nəticəsi ləğv edilib. Lekler ilk sıraya yüksəlsə də, Rassell bir daha üstün olub – 1:21.241. Mübarizə Okon, Kolapinto, Hülkenberq, Louson və Elbon üçün çox erkən başa çatıb.

İkinci sessiyada Rassell və Ferstappen əla başlayıblar, Peres trasdan çıxıb. Ferrari Saynsı boksdan düz Həmiltonun önünə buraxıb və insidentə səbəb olub. Stüardlar hadisəni daha sonra nəzərdən keçirəcəklər. Rassell – Norris – Ferstappen “deyişməsindən” sonuncu qalib ayrılıb – 1:20.687. Stroll, Tsunoda, Bottas, Çjou və Qasli ilk onluğa düşmək şansını qaçırıblar.

Son sessiyada yenə Rassell ilk cəhdində protokollara başçılıq edib. Norris çox vaxt itirib və təzə təkərlərə keçməli olub. Rassell sürətli dövrəyə başlamazdan əvvəl önündəki yavaş hərəkət edən Maks tərəfindən ləngidilib. Niderlandlı sürücü 1:20.520-lik nəticə ilə ən sürətli olub.

Maks Ferstappen mövsümdə 9-cu, karyerasında 41-ci, Şpilberqdəki yarışdan bəri isə ilk poulunu əldə edib. İkinci yeri Corc Rassell tutub və sabah bu ikili ilk cərgəni paylaşacaq. İkinci cərgədən McLaren sürücüləri, üçüncü cərgədən isə gələcək komanda yoldaşları olan Şarl Lekler və Lyuis Həmilton start alacaqlar. Bizi sabah çox maraqlı bir mübarizə gözləyir…

Elçin Zodorov

Şərh əlavə et