Xəbəri Kokpitdə Oxuyun!

Las Veqasda günün lideri Həmiltondur

Las Veqas Qran Prisinin ikinci sərbəst yürüşlərində də Lyuis Həmilton hamıdan sürətli olub.

Kokpit.az bildirir ki, sessiya Alpine sürücülərinin trasa çıxması ilə başlayıb. Daha sonra Mercedes-dən Corc Rassell, Red Bull-dan Serxio Peres bildiriblər ki, dəbilqələrinə çox hava girdiyi üçün narahat hiss edirlər. 

Sessiyanın 10 dəqiqəsi geri qaldıqdan sonra Corc Rassell 1.34979 zaman nəticəsi ilə zirvədə olub. İkinci sərbəst yürüşlərdə asfaltla ilişmə aşağı olduğu üçün sürücülər tez-tez təkərləri bloklayıblar.

Sessiyanın ortasında əksər sürücülər yenidən Soft təkərlə trasa çıxıblar. Yeni cəhdlərdən sonra Corc Rassell 1.34.015 zaman nəticəsi iıə zirvədə olub. Onu 0.2 saniyə geridə komanda yoldaşı Lyuis Həmilton izləyib. Ancaq McLaren komandasından Lando Norris 94 saniyənin altına düşən ilk sürücü olub və 1.33.836 zaman nəticəsi ilə zirvəyə yüksəlib.

Sessiyanın bitməsinə 22 dəqiqə qalmış Williams komandasında Aleks Elbon yanacaq sistemindəki problemə görə bolidini kənara çəkib. Buna görə də sessiya qırmızı bayraqlarla dayandırılıb. Bir neçə dəqiqədən sonra sessiya yenidən başlayıb.

Aleks Elbonun problemindən əvvəl Lyuis Həmilton 0.11 saniyə fərqlə liderliyə yüksəlmişdi.

Sessiyanın qalanında zirvədə dəyişiklik olmayıb və yeddiqat Dünya Çempionu Həmilton Las Veqasda günü zirvədə bağlayıb. Norris ikinci, Corc Rassell üçüncü olub. Beşliyi isə Ferrari komandasının sürücüləri bağlayıb.

Pyer Qasli altıncı, Kevin Maqnussen yeddinci, Oskar Piastri 8-ci, Niko Hülkenberq 9-cu, Yuki Tsunoda isə 10-cu olub. Red Bull komandasının sürücüləri – Maks Ferstappen 17-ci, Serxio Peres isə 19-cu nəticə göstəriblər. Aston Martin komandasının sürücüləri isə 13 və 14-cü yerlərdə qərarlaşıblar.

Rauf Hacıyev

Şərh əlavə et