Kokpit.az bildirir ki, Las Veqasda birinci sərbəst yürüşlər soyuq hava şəraitində keçib. Buna baxmayaraq sessiya ərzində insident yaşanmayıb və sürücülər demək olar hər an dövrələr vurublar.
Sessiyanın ilk 15 dəqiqəsində Lyuis Həmilton lider olub və britaniyalı sürücü 97 saniyənin altına düşən yeganə pilot olub.
Sessiyanın bitməsinə 20 dəqiqə qalmış Ferrari pilotları Soft təkərlə trasa çıxıblar və ən sürətli dövrələri vurublar. Lakin Lando Norris 1.35.954 zaman nəticəsi ilə 96 saniyənin altına düşüb və zirvəyə yüksəlib.
Sessiyanın belə bitməsi gözlənilirdi, amma Mercedes komandasının sürücüləri Soft təkərə keçərək, trasa çıxıblar. Əvvəlcə Corc Rassell 1.35.619, daha sonra isə Lyuis Həmilton 1.35.487 zaman nəticələri göstəriblər. Lakin Corc 1.35.397 ilə nəticəni bir az da yaxşılaşdırıb. Buna baxmayaraq son sözü yeddiqat Dünya Çempionu Həmilton deyib – 1.35.001.
Üçüncü yeri lider Həmiltondan 0.953 saniyə geri qalan Lando Norris tutub. Şarl Lekler isə 1.006 saniyə geridə dördüncü olub. Beşliyi 1.037 saniyə geridə olan Maks Ferstappen bağlayıb. Karlos Sayns isə 1.217 saniyə geridə 6-cı yeri tutub.
Fernando Alonso Aston Martin ilə yaxşı sessiya keçirərək, yeddinci olub. McLaren-dən Piastri 8-ci, Alpine-dən Pyer Qasli 9-cu, Red Bull-dan Serxio Peres 10-cu olub.
Onları Kevin Maqnussen, Ləns Stroll, Aleks Elbon, Esteban Okon və Niko Hülkenberq izləyiblər.
Sauber ilə son yarışlarına çıxan Valtteri Bottas 16-cı, Franko Kolapinto 17-ci, Quanyu Çjou 18-ci olub. Las Veqasda xüsusi rəng çaları ilə çıxış edən RB komandasının sürücüləri isə son iki yerdə qərarlaşıblar.
Şərh əlavə et