Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Maks səhv etdiyini bilir

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Maks Ferstappen səhv iş gördüyünü bilir.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Meksika yarışına üçüncü yerdən başlayıb və xüsusən də restartdan sonra Mask Ferstappenlə bir neçə təkər-rəkər mübarizə yaşayıb. Bu mübarizələrdə niderlandlı pilot rəqibini trasdan çıxarıb və tras xaricinə çıxaraq üstünlük qazanıb. Yekunda stüardlar Maksa iki dəfə 10 saniyə zaman cəzası veriblər.

Lando Norris stüardaların qərarından danışıb və Maks Ferstappenin aqressiv sürüş tərzinə baxmayaraq təmiz yarış keçirməyi hədəflədiyini deyib: “Məncə, stüardlar yaxşı iş gördülər. İşləri çətindir, amma yenə də uğurlu oldular. Formula 1-ə baxan və anlayan insanların 99 faizi eyni fikirdədirlər.

Ümid edirəm ki, daha təmiz mübarizə olar, amma bu təkcə məndən asılı deyil. Qaydaları mən qoymuram və cəzaları mən müəyyən etmirəm. Sadəcə sürürəm. Qalanını stüardlar həll edir və məncə, yaxşı iş gördülər.

Karyeram ərzində gördüyüm ən yaxşı işlərdən biri də problemlərdən uzaq durmaq və bolidi bütov formada finişə çatdırmaq olub. Bütün bu kiçik şeylər mövsüm ərzində yığılır. Xüsusən də bürcə limitinin olduğu bir dövrdə…

Mən həmişə təmiz və ədalətli yarışmaq istəmişəm. Bəzən çox mədəni yanaşdım, amma ümumilikdə yaxşı qərarlar verdim. Aqressiv olmadığım üçün bəzən cəzasını çəkdim, amma mənim seçimim yenə də budur. Bolidi sağlam tutmağı bacarıram və bunu uzun müddətdir ki, edirəm.

Televizorda görünməsə də, bəzən bir insidetdən qaçmaq üçün əlimzdən gələni edirik. Braziliyaya da təmiz və ədalətli yarış ümidi ilə gəlirəm”.

Lando Norris bildirib ki, onlar bu həftə Maks Ferstappenlə danışmayıblar: “Xeyr danışmadıq. Danışmağımıza ehtiyac yoxdur. Ona deyəcək sözüm yoxdur. Maksa çox hörmət edirəm. Keçən həftəsonu etdiklərindən başqa hər şeyinə… Mən onun böyüyü deyiləm. O nə etməli olduğunu bilir. Səhv hərəkət etdiyinin fərqindədir. O dəyişməlidir, mən yox”.

Britaniyalı sürücü sonda Mühəndislər Kubokundakı mübarizə barədə də danışıb: “Ferrari ilə olan mübarizəmiz 10 yarış əvvəldən məlum olmağa başlamışdı. McLaren və Ferrari-nin tempi Red Bull-dan çox güclü idi. Beləliklə Ferrari bizim ən böyük rəqibimiz oldu. Red Bull daha böyük risklər ala bilər, amma biz işlərimizi düzgün formada görürük. Problemlərdən uzaq dururuq”.

Rauf Hacıyev

Şərh əlavə et