Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Antonelli Meksikada sükan arxasına keçəcək

Kimi Antonelli Meksika Qran Prisinin birinci sərbəst yürüşlərində Lyuis Həmiltonu əvəz edəcək.

Kokpit.az xatırladır ki, reqlamentə görə mövsümdə ən az iki dəfə gənc sürücülər sərbəst yürüşlərdə əsas sürücüləri əvəz etməlidir. Bu sürücü karyerası ərzində iki dəfədən çox Formula 1 yarışında iştirak etməməlidir.

Kimi Antonelli bu il ilk dəfə İtaliya Qran Prisinin birinci sərbəst yürüşlərində Corc Rasselli əvəz etmiş və sessiyaya yaxşı başlasa da, sonradan qəzaya düşmüşdü. Bu həftəsonu isə Meksikada yeddiqat Dünya Çempionu Lyuis Həmiltonu əvəz edəcək.

Mercedes komandasının rəhbəri Toto Volff: “Dəniz səviyyəsindən yüksək olan Meksika sürücülər üçün çətindir. Güc qurğusu daha çox işləməlidir. Havanı balanslamaq üçün maksimun asfaltayatma qüvvəsi ilə çalışırıq. Bu hal bizə son yenilik paketimizi dəyərləndirmək üçün fürsət verəcək.

Kimi Antonelli də ikinci dəfə sərbəst yürüşlərdə sükan arxasına keçəcək. Onun trasdakı inkifanı səbirsizliklə gözləyirik”.

Amerika yarışı Mercedes üçün yaxşı keçməmişdi. Corc Rassell yarışı beşinci bitirdiyi halda, Lyuis Həmilton mübarizəni vaxtından əvvəl dayandırıb.

Toto Volff ümid edir ki, komanda Rodriqes Qardaşları trasında performansını yaxşılaşdıracaq: “Ostindəki çətin həftəsonundan sonra Meksikada özümüzə gəlmək üçün fürsətimiz var. Texasdakı performansımız göstərdi ki, maşında potensial var. Qarşılaşdığımız çətinlik bunu üzə çıxarmağımıza səbəb oldu. Bu müəyyən çətinliyin nəticəsi deyil. Avtomobilin həm aero, həm də mexanik faktorlardan təsirinin nəticəsidir. Mövsüm bitmədən bunun üzərində işləyəcəyik. Bunun üçün daha beş yarışımız var. Bununla biz bu il üçün yox, həm də 2025-ci il üçün də hazırlaşa bilərik”.

Qeyd edək ki, italyan sürücü gələn il Mercedes komandasında Lyuis Həmiltonu əvəz edəcək.

Rauf Hacıyev

Şərh əlavə et