Cümə günü baş tutan yeganə məşqlərdə Ferrari sürücüləri fərqlənib. Sprintin sıralanma turunda birinci olan Maks Ferstappen bunu mini-yarışda qələbəyə çevirə bilib.
Pirelli bura orta üçlüyü – C3, C4 və C5 təkərlərini gətirib. Lakin onların özünü aparması keçənilkindən çox fərqlənib.
İlk sessiyada hamı yumşaq təkərlərlə mübarizəyə başlayıb. Lakin onları qızdırmaq çətin olub. Lekler və Tsunoda tras limitlərini aşıblar, lazım olan nəticəni növbəti cəhdlərində göstərə biliblər. Ferstappen 1:33,046 ilə protokollarda hamını üstələyib. Çjou, Həmilton, Bottas, Kolapinto və Elbon üçün sıralanma turu başa çatıb.
İkinci sessiyada hava buludlu olub və temperatur aşağı düşüb. Ferstappen ilk sessiyadakı nəticəsini demək olar ki, təkrarlayıb, lakin Norris dərhal onu üstələyib. Lakin son 3 ilin çempionu növbəti cəhdində liderliyi yenidən ələ ala bilib – 1:32.584. İlk onluqda nəticələr çox sıx olub. Louson, Stroll, Okon, Hülkenberq və Tsunoda növbəti mərhələyə keçə bilməyib.
Son sessiyada Norris birinci cəhdində tras limitlərini zorlayaraq dövrə vurub və 1:32.330-lik nəticə ilə Ferstappeni az fərqlə qabaqlayıb. Peres trasdan tam çıxdığı üçün nəticəsi ləğv edilib. Alpine komandası Qaslini təhlükəli şəkildə Ferstappenin önündə boksdan çıxarıb, Maks son anda dayanaraq qəzadan yayınıb. Buna görə komanda pulla cəzalandırılıb. İkinci cəhdlər zamanı Ferstappen daha yaxşı sektor zamanları ilə gəlsə də, Rassellin üçüncü sektordakı qəzası sıralanma turunu başa çatdırıb.
Lando Norris ardıcıl ikinci, mövsümdə 6-cı, karyerasında isə 7-ci poulu qazanıb. Sabahkı yarışa onun yanından çempionatdakı əsas rəqibi Maks Ferstappen start verəcək. İkinci cərgəni Ferrari sürücüləri Karlos Sayns və Şarl Lekler, üçüncü cərgəni isə Oskar Piastri və Corc Rassell zəbt edəcəklər.
Sabah bizi Bakı vaxtı ilə 23:00-da çempionluğun əsas iki namizəsinin ən öndən başlayacağı möhtəşəm mübarizə gözləyir…
Şərh əlavə et