Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Alpine Qasli ilə yola davam edəcək

Alpine komandası fransız sürücü Pyer Qasli ilə müqaviləni uzatdıqlarını elan edib.

Kokpit.az xəbər verir ki, müqavilənin müddəti açıqlanmasa da, çoxillik olduğu və 2025-ci illə məhdudlaşmadığı vurğulanıb. Onun komanda yoldaşının kim olacağına daha sonra aydınlıq gətiriləcək.

Pyer Qasli: “Bu böyük komandada özümü evdəki kimi hiss edirəm. Mən Formula 1 layihəsinin və daha geniş mənada Alpine avtomobilləri vizyonunun bir hissəsi olmağı sevirəm. Artıq 18 aydan çoxdur ki, komanda ilə işləyirəm və həmişə uzunmüddətli əlaqələr qurmağı planlaşdırmışam. Trasda mövsüm çətin keçir, amma mən layihəyə sadiq qalıram və heç yerə getmirəm. Etdiyimiz düzəlişlərdən, gördüyümüz gərgin işdən və getdiyimiz istiqamətdən məmnunam. Komandanın böyük potensialı və resursları var. Gələcəkdə nə baş verəcəyini görmək məni həyəcanlandırır və hazırda diqqətimi nəticələri yaxşılaşdırmaq üçün gördüyümüz gündəlik işə cəmləyirəm”.

Bruno Famen: “Pyerlə müqavilənin təsdiqlənməsi çox sevindiricidir. O, Formula 1-də zəngin təcrübəyə malikdir və trasda potensialını göstərməkdə davam edir. O, Alpine brendi üçün əla səfirdir və biz əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik. Müqavilənin uzadılması gələcəyimiz üçün mühüm addımdır, lakin indi biz hazırkı avtomobili təkmilləşdirməyə diqqət yetirməliyik. Bu mövsüm üçün yüksək ambisiyalarımız var və onlara nail olmaq üçün yorulmadan çalışmaqda davam edəcəyik. Komanda Pierre üçün tərəfdaş seçməyə tələsmir, lakin biz əlimizdə olan variantlardan razıyıq”.

Qeyd edək ki, Alpine cari mövsümdə cəmi 8 xal qazanıb ki, bu da daha çox son yarışlara təsadüf edib. Bu xallardan 5-ni məhz Qasli, 3-nü isə komanda yoldaşı Esteban Okon əldə edib.

 

Elçin Zodorov

Şərh əlavə et