Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Beşinci yer maksimum idi

Aston Martin komandasının sürücüsü Fernando Alonso beşinci yeri tutduğu üçün sevinclidir.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü yarışa 4-cü yerdən başlayıb. O, ilk dövrələrdə McLaren komandasının sürücüsü Oskar Piastrinin gerisinə düşüb və yarışı beşinci yerdə bitirib.

Fernando Alonso: “Qətiliklə deyə bilərəm ki, sevincliyəm. Mercedes sürücülərindən başqa bir Ferrari ilə bir McLaren-i qabaqlamaq bizim üçün maksimum istəkdir.

Yarışda yenə gördük ki, Mercedes və McLaren-ə nisbətdə 0.2-0.3 saniyə geridəyik. Red Bull və Ferrari-dən isə çox… Sıralanma turunda isə daha yaxın görünürük. Yəni ki, yarış tempinə işləməliyik.

Deyəsən Oskar məni keçəndə Niko da arxamda idi. Sonra Corc Nikonu keçdi və Mercedes də daxil olmaqla hamısı elə sürətli idi ki, öz-özümə dedim ki, yarış çox çətin olacaq. Buna baxmayaraq, Corcu arxamda saxladım. Bu yaxşı haldır.

Məncə, maşınımız daha yaxşı idi. Cümə günü doğrudan da yaxşı işləyən yeni detal işlətməyə başladıq. Bunun hesabına performans cəhətdən irəliyə doğru getdik. Ancaq McLaren və Mercedes-ə nisbətdə 0.2-0.3 saniyə geridəyik. Bu fərqi bağlamaq üçün əlimizdən gələni etməliyik. Bu, çətin, amma gözəl mübarizə olacaq. Bizi maraqlı mövsüm gözləyir.

Üzərimdə təzyiq çox idi, çünki limitdə sürürdüm. Oskar da uzaqlaşırdı. Corc da arxadan sürətlə yaxınlaşırdı. Düşündüm ki, təhlükəsizlik maşınından sonra 43 dövrəmiz olacaq.

İkinci sərbəst yürüşlərdə normalda 9-10 dövrə vururuq. 42 dövrə vurmaq bizim üçün müəmma idi. Sadəcə tək pit-stoplu strategiyadan əmin olmağa çalışırdım”

Rauf Hacıyev

Şərh əlavə et