Xəbəri Kokpitdə Oxuyun!

Ciddə yarışı ilin sonuna keçir?

Formula 1 rəhbərliyi Yaxın Şərqdəki münaqişə səbəbindən təqvimə təcili dəyişikliklər etməli olub və apreldə keçirilməsi planlaşdırılan Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələləri ləğv edilib. Bununla belə, Ciddə yarışı hələ də bu mövsüm baş tuta bilər.

Keçmiş Formula 1 pilotu və Əbu Dabi Qran Prisinin promouterlər komandasında çalışan Robert Doornbos Ziggo Sport telekanalında bildirib ki, Səudiyyə Ərəbistanı mərhələsinin təşkilatçıları yarışı apreldən dekabrın 6-na keçirmək imkanını müzakirə edirlər. Bu halda Əbu Dabi mərhələsinin də dekabrın 13-nə keçirilməsi planlaşdırılır.

Əgər bu plan reallaşsa, mövsüm ardıcıl dörd Qran Pri ilə başa çata bilər – Las-Veqas, Qətər, Ciddə və Əbu Dabi.

Robert Doornbos bu barədə belə deyib: “Bəzi məlumatlar eşitmişəm. Aramco-nu Formula 1-in sponsoru kimi tanıyırıq, amma onlar eyni zamanda Ciddə mərhələsini aktiv şəkildə təşviq edirlər, çünki bu onların ‘incisidir’. Ciddə yarışı bu il təqvimə qayıda bilər.

Hazırda Əbu Dabi mərhələsini bir həftə irəli çəkmək və boşalan tarixdə Ciddəni keçirmək variantı müzakirə olunur. Bu baş versə, mövsümün sonunda dörd yarış ardıcıl keçiriləcək – Las-Veqas, Qətər, Ciddə və Əbu Dabi.

Əbu Dabi ilə bağlanan müqavilədə göstərilib ki, mövsüm məhz bu mərhələ ilə yekunlaşmalıdır və bu, son 15 ildə belə olub. Mövcud şəraiti nəzərə alsaq, təqvimdəki dəyişikliklərin təsdiqlənməsi üçün bir qədər vaxt tələb oluna bilər”.

Rauf Hacıyev

Şərh əlavə et