Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Maksimum xal aldıq

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Səudiyyə Ərəbistanında maksimum xal qazanıblar.

Kokpit.az xatırladır ki, monakolu sürücü yarışa 2-ci yerdən başlasa da, dördüncü dövrədə Serxio Peres onu geridə qoyub.

Lekler yarışın sonuna qədər üçüncü yeri saxlayıb və builki ilk podiumunu əldə edib. 26 yaşlı pilot son dövərədə ən sürətli dövrəni vuraraq, əlavə 1 xalı da aktivinə yazıb.

Şarl Lekler: “Tempimiz yaxşı idi, çünki ən sürətli dövrəni sonda atdıq və DRS-dən kömək aldım. Ümumilikdə maşında özümü yaxşı hiss edirdim. Bir az darıxdırıcı yarış idi, çünki Red Bull çox sürətli idi və arxamızda da boşluq var idi.

Lakin bu gün maksimum xal qazandıq və hədəfimiz bu idi. Buna görə özümü əla hiss edirəm. Bura mövsümün ən fiziki traslarından biridir. Xüsusən də boyun üçün. Bundan başqa çox isti və çox çətin yüksək sürətli döngələr var, amma burada sürmək əyləncəlidir”.

Leklerin komanda yoldaşı Oliver Birman isə 11-ci başladığı yarışı 7-ci bitirərək, debüt yarışında xal qazanan ən gənc sürücü olub.

Şarl Lekler: “Doğrudan da inanılmaz iş gördü. Üçüncü sərbəst yürüşlərdən sonra birbaşa tempi tutdu və sıralanma turunda da əla iş gördü. Son sessiyanı çox az fərqlə əldən verdi.

Bu gün inanılmaz idi. Formula 1-dəki ilk yarışınızda yeni maşınla sadəcə üçüncü sərbəst yürüşlərdə sürəndən sonra yeddinci olmaq təsiredicidir. Əminəm ki, özü ilə fəxr edir. Hamı onun istedadına bələd oldu və əminəm ki, tezliklə Formula 1-ə gələcək”.

Rauf Hacıyev

Şərh əlavə et