Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Sayns apendisit əməliyyatına görə Ciddə yarışında iştirak etməyəcək

Ferrari komandasının sürücüsü Karlos Sayns apendisit əməliyyatı olunacağı üçün Səudiyyə Ərəbistanı Qran Prisindən çəkilib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü çərşəmbə günü xəstəliyə görə mətbuat konfransında iştirak etməmiş və otelə qayıtmışdı. Buna baxmayaraq Sayna dünən hər iki sərbəst yürüşdə də sükan arxasına keçdi, lakin özünü pis hiss etdiyini deyirdi.

Bu gün səhər isə Sayns həmişə səhər tezdən gəldiyi paddoka gəlməyib. Daha sonra 30 yaşlı sürücünün xəstəxanaya aparıldığı iddiaları ortaya çıxıb. Bir neçə dəqiqədən sonra isə Ferrari komandası bu xəbəri təsdiqləyib.

Karlos Saynsı bu həftəsonu Ferrari Sürücü Akademiyasının üzvü Oliver Birman əvəz edəcək. Birman hazırda Formula 2-də çıxış edir və dünən sıralanma turunda poul qazanmışdı.

Ferrari bu barədə belə açıqlama verib: “Karlos Saynsa apendisit diaqnozu qoyulub və əməliyyat olunmalıdır. Üçüncü sərbəst yürüşlərdən etibarən onu ehtiyat sürücümüz Oliver Birman əvəz edəcək. Buna görə də Oliver Formula 2 üzrə Səudiyyə Ərəbistanı Qran Prisində iştirak etməyəcək. Ferrari ailəsi Karlosa şəfalar diləyir”.

Qeyd edək ki, 2022-ci ilin İtaliya yarışından əvvəl Aleks Elbon da apendisit əməliyyatı olaraq, yarışı buraxmışdı.

Rauf Hacıyev

Şərh əlavə et