Kokpit.az bildirir ki, Tim Qoss komandanın yeni texniki direktoru olacaq. Tim son dəfə FİA-da texniki direktor kimi işləyib və o, oktyabr ayından etibarən Visa Cash App komandası ilə Formula1-dəki mübarizəyə geri qayıdacaq.
Tim daha əvvəl 28 il McLaren komandasında işləyib. O, Britaniya komandasının heyətində maşın performans rəhbəri, baş mühəndis və texniki direktor vəzifəsində çalışıb. Bu müddət ərzində Senna, Hakkinen və Həmiltonla beş çempionluq qazanıb. 2021-ci ildə FİA-nın tək oturacaqlı texniki qrupuna qatılıb. 2023-cü ildə isə federasiyanın texniki direktoru olub və bu ilin yanvar ayına qədər burada işləyib.
Tim Qoss: “Yeni rəqabət dövrünün başlanğıcında Visa Cash App-a qatıldığım üçün sevincliyəm. Bu hazırda böyük qürurdur və komanda rəhbəri Loren Mekis, texniki direktor Codi Eqqintonla birlikdə işləmək üçün səbirsizliklə gözləyirəm. Önümüzdə həyəcanverici mübarizə var, amma düşünürəm ki, komanda bunu bacaracaq gücdədir”.
Qiyom Kattelani isə komandaya texniki direktorun köməkçisi kimi qatılacaq. Kattelani texniki direktor Eqqintona hesabat verəcək. Qiyom 15 ildən çoxdur ki, Formula 1-dədir. O, bu müddət ərzində Lotus, McLaren və son olaraq Red Bull komandalarında işləyib. Fransalı mütəxəssis yeni komandasında aerodinamika, maşın performansı və texnoloji mövzulara köklənəcək.
Qiyom Kattelani: “Visa Cash App RB komandasını növbəti səviyyəyə daşımaq üçün fürsətimiz olacaq. Bunun üçün səbirsizlənirəm”.
Ən sonda isə Formula1-in tanınmış mühəndislərindən olan Alan Permeyn yarış direktoru vəzifəsində işləyəcək və Loren Mekisə hesabat verəcək.
Permeynin 34 illik Formula1 təcrübəsi var. Britaniyalı mütəxəssis Benetton, Renault, Lotus, Alpine kimi komandalarda çalışıb və idman direktoru vəzifəsinə qədər yüksəlib. O, 2023-cü ildə Alpine-dən ayrılmışdı.
Alan Permeyn: “Bir neçə aylıq fasilədən sonra Visa Cash App RB komandası ilə yarışlara qayıtmaq əla oldu. Bu komandadakı insanların nə qədər peşəkar, əzmli və rəqabətədavamlı olduqlarını təcrübəmdən bilirəm. Bu komanda ilə inkişaf etmək üçün səbirsizlənirəm”.
Şərh əlavə et