Formula 1 yarışları Kiqalidən təxminən 40 kilometr cənubda, tikintisi davam edən Bugesera Beynəlxalq Hava Limanının yaxınlığında salınacaq yeni təbii relyefli trasda təşkil olunacaq.
Onillik əməkdaşlığı nəzərdə tutan bu razılaşma ilə Formula 1 1993-cü ildə keçirilən Cənubi Afrika Qran Prisindən sonra ilk dəfə Afrika qitəsinə qayıdacaq.
Müqavilə çərşənbə axşamı Kiqalidə keçirilən mətbuat konfransında elan olunub. Tədbirdə Ruanda Prezidenti Paul Kaqame, Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali, həmçinin FIA prezidenti Mohammed Ben Sulayem iştirak ediblər.
Keçmiş yarış pilotu Aleks Wurts və onun dizayn şirkəti tərəfindən hazırlanan Bugesera trasının Kiqalinin təpəli relyefindən istifadə etməklə pilotlara çətin sınaq təqdim edəcəyi gözlənilir. Layihə Ruanda İnkişaf Şurasının turizm, infrastruktur və biznesin inkişafını əhatə edən daha geniş investisiya planının bir hissəsidir.
Ruanda Prezidenti Paul Kaqame razılaşma ilə bağlı bunları deyib: “Bu gün Afrikanın günüdür. Dünyanın ən mühüm avtoidman çempionatı 30 ildən artıqdır ki, bu qitədə yarış keçirmirdi. Bu razılaşma ilə vəziyyət dəyişir.
Ruanda Formula 1 Afrika Qran Prisinə qəbul etməkdən və bu anı Afrikadakı 100 milyondan çox azarkeşlə bölüşməkdən qürur duyur. Onların əksəriyyəti gənclərdir. Onlar bu idman növünü öz ölkələrində izləməyə və onun bir hissəsinə çevrilməyə layiqdirlər. Gələcəkdə mühəndis, texnik, sahibkar, hətta yarış pilotu kimi…
Bu 10 illik tərəfdaşlıq həm də Ruandanın gələcəyinə qoyulan sərmayədir. Bugeseradakı tras yeni beynəlxalq hava limanı ilə birlikdə ölkəmizə və regionumuza onilliklər ərzində iş yerləri, peşə bacarıqlarının inkişafı, turizm və yeni biznes imkanları qazandıracaq.
Çünki məqsədimiz heç vaxt yalnız bir yarış həftəsonu təşkil etmək olmayıb. Əsas hədəfimiz xalqımıza uzunmüddətli fayda verməkdir”.




Şərh əlavə et