Xəbəri Kokpitdə Oxuyun!

Maks Ferstappen ilk Sinqapur qələbəsini qazanıb

Maks Ferstappen Sinqapur Qran Prisində finiş xəttini birinci keçərək karyerasında ilk dəfə Marina Bay trasında qalib gəlib. Şarl Lekler yarışı ikinci, Kimi Antonelli isə üçüncü yerdə başa vurub.

Axşam saatlarında Sinqapurda havanın temperaturu 32, trasın temperaturu isə 43 dərəcə olub. Bokslarda son yoxlamalar başa çatdıqdan sonra bolidlər start düzülüşündəki yerlərini tutub və formasiya dövrəsi başlayıb.

Hadisəsiz keçən formasiya dövrəsindən sonra işıqlar sönüb və 62 dövrəlik Sinqapur Qran-prisinə start verilib.

Poul mövqeyindən yarışa başlayan Maks Ferstappen ilk döngəyə yaxınlaşarkən Şarl Leklerin təzyiqinə tab gətirərək liderliyini qoruyub. Red Bull pilotu ilk dövrəni də birinci yerdə tamamlayıb.

Startda iki mövqe itirən Pyer Qasli doqquzuncu yerə geriləyib. Liam Louson yeddinci yerdə Oskar Piastrini izləyib, onun arxasında isə Niko Hülkenberq qərarlaşıb.

İkinci dövrədə Fernando Alonso Valtteri Bottası qabaqlayaraq 19-cu yerə yüksəlib. Haas pilotları Oliver Berman və Esteban Okon arasında da gərgin mübarizə yaşanıb. Berman komanda yoldaşını qabaqlasa da, Okon növbəti döngədə mövqeyini geri qaytarıb. Mübarizə bir neçə döngə davam edib və Berman daxili trayektoriyadan etdiyi soyuqqanlı hücumla yenidən önə keçərək mövqeyini qoruyub.

Üçüncü dövrədə Corc Rassell Qabriel Bortoletonu geridə qoyaraq 16-cı pilləyə yüksəlib.

Beşinci dövrədə Bearman gec əyləcləmə manevri ilə Karlos Saynsı da qabaqlayıb və onuncu yerə yüksəlib. Bu ötmə tamaşaçıların alqışlarına səbəb olub.

Altıncı dövrədə Lekler yarışın ən sürətli dövrəsini vurub. O, Ferstappendən təxminən yarım saniyə geri qalsa da, ötmə üçün əlverişli fürsət tapa bilməyib. Növbəti dövrədə isə Ferstappen 1:37.604 nəticə göstərərək ən sürətli dövrənin müəllifi olub və fərqi bir saniyəyə çatdırıb.

Səkkizinci dövrədə Bortoleto ötürmələr qutusunda yaranan nasazlıqdan sonra bolidini trasın təhlükəsiz hissəsində saxlayaraq yarışı dayandırıb. Qısa müddət sonra virtual təhlükəsizlik avtomobili rejimi tətbiq edilib.

Növbəti dövrədə virtual təhlükəsizlik avtomobili rejimi başa çatıb və mübarizə davam edib.

Onuncu dövrədə Rassell Franko Kolapintonu qabaqlayaraq 13-cü yerə yüksəlib.

12-ci dövrədə Ferstappenlə Lekler arasındakı fərq 1,5 saniyəyə çatıb. Hər iki pilot Soft tərkibli təkərlərlə mübarizə apararkən, Medium tərkibli təkərlərdən istifadə edən Lyuis Həmilton komanda yoldaşından 3,3 saniyə geri qalıb.

13-cü dövrədə Rassell Saynsı geridə qoyaraq 12-ci pilləyə yüksəlib.

16-cı dövrədə Ayzek Hacar təkərləri bloklasa da, Lindbladı qabaqlayaraq 15-ci yerə yüksəlməyi bacarıb.

19-cu dövrədə üçüncü yerdə olan Həmilton pit-stop edib. Soft  tərkibli təkərlərlə trasa qayıdan Ferrari pilotu Lousonun arxasında, yeddinci yerdə qərarlaşıb.

21-ci dövrədə Həmilton düzlüklərdən birində Lousonu qabaqlayaraq altıncı yerə yüksəlib. Bu arada Lekler mövcud Soft tərkibli təkərlərlə daha çox davam edə bilməyəcəyini bildirib.

Üçüncü yerdə olan Antonelli də pit-stop edib və trasa altıncı yerdə qayıdıb. Bir dövrə sonra Lekler də pitə girib və komanda yoldaşının önündə, dördüncü yerdə trasa qayıdıb.

Pit-stoplardan sonra McLaren pilotları Norris öndə olmaqla ikinci və üçüncü yerlərə yüksəliblər.

27-ci dövrədə Həmilton komanda radiosu vasitəsilə bolidinin önündəki komanda yoldaşı ilə müqayisədə həmin dövrədə təxminən iki saniyə itirdiyini bildirib.

31-ci dövrədə Kolapinto bolidindəki problemə görə dayanmalı olub. Qısa müddətə sarı bayraqlar göstərilib və argentinalı pilot yarışı başa vura bilməyib.

32-ci dövrədə yeddinci yerdə olan Louson pit-stop edib. Antonelli isə komandasına ayaqlarının arasından nəyinsə sızdığını hiss etdiyini bildirib.

33-cü dövrədə lider Ferstappen pitə girib. Norris də pit-stop etdikdən sonra Red Bull pilotu Medium tərkibli təkərlərlə liderliyini qoruyaraq trasa qayıdıb. Piastri ikinci yerə yüksələrək Ferstappendən təxminən iki saniyə geri qalıb. Norris isə trasa altıncı yerdə qayıdıb.

34-cü dövrədə Piastri də pit-stop edib. Medium tərkibli təkərlərlə trasa qayıdan Lekler yenidən ikinci yerə yüksəlib və Ferstappendən təxminən beş saniyə geri qalıb. Berman və Hacar da pitə giriblər.

36-cı dövrədə Hacar Saynsı qabaqlayaraq 14-cü yerə yüksəlib.

38-ci dövrədə tras limitlərini aşdığı üçün Antonelliyə ağ-qara bayraq göstərilib. İtaliyalı pilot son döngədə bolidin qəribə reaksiya verdiyini komandasına bildirib.

39-cu dövrədə Ləns Stroll mexaniki nasazlıq səbəbindən döngəni keçə bilməyib və bolidini saxlayaraq yarışı dayandırıb. Hadisədən sonra virtual təhlükəsizlik avtomobili rejimi tətbiq olunub.

40-cı dövrədə virtual təhlükəsizlik avtomobili rejimi altında Antonelli və Lekler pit-stop ediblər. Mercedes Rasselli də pitə çağırıb, lakin o, pit girişinə çatanda virtual təhlükəsizlik avtomobili rejimi ləğv olunub. Nəticədə Rassell trasa onuncu yerdə qayıdıb.

41-ci dövrədə Ferstappen komandasına nəsə deməyə çalışıb, lakin radio əlaqəsindəki problem səbəbindən səsi aydın eşidilməyib. Bundan sonra yarış mühəndisi GP Ferstappeni heç cür eşitmədiyini bildirib.

42-ci dövrədə Antonelli əyləclərin düzgün işləmədiyini və pedalın həddindən artıq boşaldığını komandasına çatdırıb.

48-ci dövrədə Rassell Qaslini qabaqlayaraq doqquzuncu yerə yüksəlib.

Leklerlə arasındakı fərqi 14 saniyəyə çatdıran Ferstappen döngələrdən birində təkərlərini bloklayaraq təxminən dörd saniyə itirib. Radio əlaqəsindəki problem səbəbindən Red Bull bolidinin vəziyyətini dəqiq müəyyənləşdirmək mümkün olmayıb.

53-cü dövrədə Red Bull Ferstappenlə əlaqə saxlamaq üçün fərqli üsula əl atıb. Yarış mühəndisi GP pilotuna pit-stop etmək istəyirsə səs verməsini, trasda qalmaq istəyirsə susmasını deyib. Ferstappen susmağa üstünlük verib.

54-cü dövrədə Norris Həmiltona təzyiq göstərməyə başlayıb. Ferrari pilotu ilk hücumu dəf etsə də, trasdan kənara çıxıb. Bu fürsətdən yararlanan Antonelli Norrisi də qabaqlayaraq dördüncü yerə yüksəlib. Norris isə beşinci pilləyə geriləyib.

Həmilton daha sonra Antonellinin təzyiqi ilə üzləşib və 55-ci dövrədə podiumun son pilləsini itirib. Norrisə qarşı bir müddət müqavimət göstərən britaniyalı pilot son sektorda daha bir mövqe itirərək beşinci yerə geriləyib.

59-cu dövrədə Hacar Qaslini qabaqlayaraq ilk onluğa daxil olub.

Son dövrədə Piastri ilə Həmilton arasında mübarizə yaşanıb. Həmilton uzun müddət rəqibinin hücumlarına müqavimət göstərsə də, sonda Piastriyə keçilməkdən yayına bilməyib və altıncı yerə geriləyib.

Maks Ferstappen damalanmış bayrağı birinci keçərək karyerasında ilk dəfə Sinqapur Qran Prisinin qalibi olub. Şarl Lekler ikinci yeri tutub, çempionatın lideri Kimi Antonelli isə podiumun son pilləsinə yüksəlib.

Rauf Hacıyev

Şərh əlavə et