Xəbəri Kokpitdə Oxuyun!

Pirelli Sepanqda iki ya da üç pit gözləyir

Sepanqın köhnə asfalt örtüyündə təkərlərin yeyilməsi əsas amil olacaq. Pirelli quru trasda keçiriləcəyi təqdirdə sabahkı yarışda ən azı iki pit-stop strategiyasının tətbiq olunacağını gözləyir.

Dario Marrafuski, Pirelli Motorsport direktoru: “Həftəsonu ərzində trasın vəziyyəti tədricən yaxşılaşdı və bu, Soft təkərlərə sıralama turunda ən yaxşı xüsusiyyətlərini nümayiş etdirməyə imkan verdi. Buna baxmayaraq, poul vaxtı simulyatorda hesabladığımız göstəricidən xeyli yavaş oldu. Bu isə trasın vəziyyətindəki dəyişikliklərin kifayət qədər böyük olmadığını göstərir.

Soft təkərlərin potensialını ilk cəhddən maksimum səviyyədə açmağa çalışdıqda onların yeyilməsi səbəbindən həmin dəstlə ilk sürətli dövrədən sonra həqiqətən yaxşı nəticə göstərmək mümkün olmurdu. Eyni zamanda, dünən gördük ki, Soft təkərlər ilk dövrələrdə tədricən optimal iş rejiminə gətirildikdə uzun məsafədə məqbul sabitliyi qoruyur. Bir neçə komandanın əlində qalan Soft təkər dəstlərinin sayını nəzərə alsaq, bu xüsusiyyət yarışda mühüm rol oynaya bilər.

Strategiya baxımından yarış maraqlı vəd edir. Pilotların əksəriyyətinin iki yeni Hard təkər dəsti var və bu təkərlər uzun stindlər üçün etibarlı əsas olacaq. Nəzəri baxımdan Medium – Hard – Hard və Soft – Hard – Hard kombinasiyaları kifayət qədər perspektivli görünür.

Lakin xüsusi vəziyyətlər də var. Məsələn, Ferstappen və Leklerin yalnız bir yeni Hard təkər dəsti qalıb. Aydındır ki, onlar Soft və Medium təkərlərdən daha fəal istifadə edərək başqa tərkib kombinasiyalarına üstünlük verəcəklər. Hətta üç pit-stoplu strategiya variantını da nəzərdən keçirə bilərlər. Bununla yanaşı, daha qısa stindlər strategiya imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Yarışda bir pit-stoplu strategiyanı görəcəyimizi düşünmürəm. Burada bu strategiya ümumi yarış vaxtı baxımından üstünlük vermir, çünki ötmə üçün bir neçə əlverişli hissə var. Bundan əlavə, hava şəraiti ilə bağlı qeyri-müəyyənlik də qalır. Yağış ehtimalının yüksək olması komandaların strateji qərarlarına təsir göstərə bilər”.

Rauf Hacıyev

Şərh əlavə et