Xəbəri Kokpitdə Oxuyun!

Bəhreyn GP: Ferstappendən mövsümdə ilk poul!

Malayziyada keçirilən Bəhreyn Qran Prisinin sıralama turunda ən sürətli dövrəni vuran və poulu qazanan pilot Maks Ferstappen olub.

Q1

Bolidlərin son yoxlamaları tamamlandıqdan sonra start siqnalı verilib və pit-yolu açılıb.

Trasa ilk çıxan komanda Haas olub. İlk dövrələrdə Esteban Okon 1:38.879 nəticə göstərərək liderliyə yüksəlib. Komanda yoldaşı Oliver Berman isə 1:38.994-lük dövrəsi ilə ikinci pillədə qərarlaşıb.

Qısa müddət sonra bütün pilotlar trasa çıxıb. Kimi Antonelli 1:37.041 nəticə göstərib, komanda yoldaşı Corc Rassell isə 1:37.264-lük dövrə ilə ondan geri qalıb.

Bütün sektorlarda üstünlük nümayiş etdirən Maks Ferstappen 1:36.477-lik dövrə ilə liderliyə yüksələrək ön qrupun ilkin tempini müəyyənləşdirib. Ayzek Hacar isə 1:36.898 nəticə ilə ikinci pillədə qərarlaşıb.

Mercedes və Red Bull Racing ikilisindən sonra Ferrari pilotları da sürətli dövrələrini tamamlayıb. Lyuis Həmilton 1:36.595 nəticə ilə Hacarı geridə qoyaraq Ferstappendən cüzi fərqlə ikinci pilləyə yüksəlib. Şarl Lekler isə 1:36.730-luq dövrə ilə Hacarı keçsə də, komanda yoldaşının gerisində qalıb.

McLaren pilotları isə ön qrupda dövrəsini ən son tamamlayanlar olub. Oskar Piastri 1:36.852 nəticə ilə dördüncü, Lando Norris isə 1:37.092 nəticə ilə yeddinci yerdə qərarlaşıb.

Sürətli dövrələr tamamlandıqdan sonra bütün pilotlar məlumatların optimallaşdırılması üçün boksa qayıdıblar. Sessiyanın son 3 dəqiqəsinə daxil olduqda pilotlar yenidən trasa çıxıblar və mübarizə davam edib.

Liam Louson qeyd etdiyi dövrə ilə 10-cu pillədə qalıb. Ləns Stroll 1:37.729 nəticə ilə 11-ci yerə yüksəlib. Berman 1:37.980-lik dövrə ilə 15-ci pilləyə qalxıb, lakin Karlos Saynsın dövrəsindən sonra yenidən mübarizədən kənarda qalma zonasına düşüb. Sayns 13-cü pilləyə yüksəlib, Qabriel Bortoleto isə güclü dövrə ilə səkkizinci yerə qalxıb. Fernando Alonso da son dövrəsi ilə mübarizədən kənarda qalma zonasından çıxıb.

Damaları bayrağın dalğalanması ilə Q1-də mübarizəni dayandıran pilotlar Niko Hülkenberq, Oliver Berman, Esteban Okon, Aleks Elbon, Valtteri Bottas və Serxio Peres olub.

Q2

Qısa müddət sonra pit-yolu yenidən açılıb və pilotlar Q2 mübarizəsi üçün trasa çıxıblar. Q2-də sürətli dövrəsinə ilk başlayan pilotlar Hacar və Ferstappen olub. Ardınca Mercedes ikilisi də dövrələrinə başlayıb.

Hacar 1:36.192 nəticə göstərib, komanda yoldaşı Ferstappen isə 1:35.696-lıq dövrə ilə liderliyə yüksəlib. Antonelli 1:36.075 nəticə əldə edib, Rassell isə 1:36.242 ilə komanda yoldaşından cüzi fərqlə geri qalıb.

Şarl Lekler 1:35.970 nəticə ilə Hacarı geridə qoyaraq ikinci pilləyə yüksəlib. Həmilton 1:36.032 ilə cüzi fərqlə üçüncü olub. Lakin Oskar Piastri 1:36.020-lik dövrə ilə Ferrari pilotlarının arasına, Leklerin arxasına yerləşib.

Pist limitlərini aşdığı müəyyənləşdirildikdən sonra Antonellinin sürətli dövrəsi ləğv edilib. Lando Norris isə 1:36.173 nəticə ilə beşinci pillədə qərarlaşıb.

İlk sürətli dövrələrdən sonra bütün bolidlər boksa qayıdıb. Trasa ilk qayıdan Antonelli olub. O, sürətli dövrəsini 1:35.959 nəticə ilə tamamlayaraq ikinci pilləyə yüksəlib.

Q2-nin son bölümündə orta və arxa qrupdakı pilotlar mübarizədən kənarda qalmamaq üçün limitləri zorlamağa başlayıblar. Arvid Lindblad Louson üçün hava koridoru yaradıb və komanda yoldaşının bu köməyi sayəsində Louson 1:37.023 nəticə göstərərək 10-cu pilləyə yüksəlib.

Aston Martin və Williams pilotları tempdən geri qalaraq mübarizəni dayandırıblar. Bortoleto isə 1:36.814-lük dövrə ilə 10-cu pilləyə yüksələrək Q3-ə vəsiqə qazanıb. Damaları bayrağın dalğalanması ilə Liam Louson, Fernando Alonso, Karlos Sayns, Ləns Stroll, Franko Kolapinto və Arvid Lindblad mübarizədən kənarda qalıb.

Q3

Qısa fasilədən sonra sıralama turlarının son bölümü olan Q3 üçün yaşıl bayraq dalğalanıb və Bəhreyn Qran Prisində poul uğrunda mübarizə başlayıb.

Q3-də sürətli dövrələrinə ilk başlayan pilotlar Corc Rassell, Ayzek Hacar və Şarl Lekler olub. Rassell 1:36.032 nəticə göstərib. Hacar 1:35.558-lik dövrə ilə liderliyə yüksəlib. Lekler 1:35.878, Həmilton isə 1:35.745 nəticə əldə edib.

Ferstappen 1:35.250-lik dövrə qeyd edərək lider komanda yoldaşını geridə qoyub və yenidən birinci pilləyə yüksəlib.

İlk sürətli dövrələrdən sonra Antonelli istisna olmaqla bütün pilotlar boksa qayıdıb. Pilotlar ən sürətli dövrəni qeyd etmək üçün sazlamaların optimallaşdırılması və məlumatların təhlilinə fokuslanıblar. Antonelli ilk sürətli dövrəsində 1:35.631 nəticə göstərərək üçüncü pilləyə yüksəlib.

Sessiyanın son dövrələrində Hacar 1:35.559 nəticə göstərsə də, mövqeyini yaxşılaşdıra bilməyib. Maks Ferstappen 1:35.130 nəticə göstərərək liderliyini daha da möhkəmləndirib və mövsümün ilk poul-pozisiyasını qazanıb. Həmilton isə son anlarda əldə etdiyi temp sayəsində ikinci pilləyə yüksəlib.

Hacar sessiyanı üçüncü pillədə başa vursa da, startda yer itirmə cəzası səbəbindən yarışa bu mövqedən start verə bilməyəcək.

Rauf Hacıyev

Şərh əlavə et