Xəbəri Kokpitdə Oxuyun!

B.Lord: Yeniliklər işə yaradı

Bredli Lord gətirilən yeniliklər paketinin gözlənildiyi kimi işlədiyini və yüksək sürətli döngələrdə nəzərəçarpacaq performans artımı müşahidə olunduğunu açıqlayıb.

Yüksək və orta sürətli döngələrin çox olduğu tras quruluşunun Bakıdan daha çox Macarıstan Qran Prisindəki mənzərəyə bənzədiyini bildirən Bredli Lord yüksək temperatur və yeyilmə səbəbindən həftəsonunun ən vacib amilinin təkərlərin idarə olunması olacağını vurğulayıb. Lord həmçinin komandanın pilotları Kimi Antonelli və Corc Rassellin tras quruluşundan zövq aldıqlarını, lakin sıralama turu öncəsi bir dövrəlik temp üçün ideal balansı hələ tam tapa bilmədiklərini bildirib.

Pilotların trasdakı təəssüratlarından danışan Bredli Lord ikinci məşq sessiyasından sonra mətbuat konfransında deyib: “Gətirdiyimiz yeniliklər tamamilə gözlədiyimiz kimi işləyir. Xüsusilə yüksək sürətli döngələrdə fərqi hiss etdik və pilotlarımız da bu barədə müsbət rəy verdilər.

Trasda temperatur son dərəcə yüksəkdir. Bu, təkərlərin səthinin həddindən artıq qızmasına səbəb olur və çox çətin vəziyyətlər yarada bilər. Buna görə də düşünürəm ki, bu həftəsonunda bu çətinliyin öhdəsindən ən yaxşı gələn komanda üstünlük əldə edəcək.

Həm Kimi, həm də Corc bu trasda yarışmaqdan böyük zövq alırlar. Corc sessiyalar arasında bir neçə dəfə trasın həqiqətən möhtəşəm hiss etdirdiyini belə dedi. Bir növ, çətinliklərdən məmnundurlar deyə bilərəm. Boksda isə bizim xüsusilə bir dövrəlik performans üzərində bir qədər incə sazlamalar aparmağımız lazımdır.

Uzun məsafəli tempin yaxşı olduğunu bildirdilər, lakin bir dövrəlik cəhddə, xüsusilə Kimi öndən sürüşmənin bir qədər çox olduğunu qeyd etdi. Hələ hər iki pilotumuz da tam razı qalacaqları ideal dövrə vura bilməyib. Bəzən təkərlərin bloklanması və ya döngədən geniş çıxmaq kimi hallar yaşandı.

Sıralama turundan əvvəl bütün bu detalları qaydaya salmağa ümid edirik”.

Trasın köhnə və nahamar asfalt örtüyü səbəbindən təkərlərin yeyilməsinin son dərəcə yüksək olacağını bildirən Lord yarış strategiyası barədə də danışıb: “Düşünürəm ki, bolidin soyutma tələblərini kifayət qədər yaxşı başa düşürük.

Lakin son dərəcə nahamar asfalt üzərində yarışacağımız üçün yüksək səviyyədə yeyilmə ilə üzləşəcəyimiz tamamilə aydındır.

Əsas strategiyamız iki pit-stop olacaq, hətta proses bizi bundan daha çox pit-stop etməyə də məcbur edə bilər. Keçmişdə burada üç pit-stoplu yarışlar görmüşük və bütün komandaların strateqləri gecə ərzində bu variantı ətraflı şəkildə qiymətləndirəcəklər.

Sıralama turunda təkərlərin ömrü yalnız bir dövrə olacaq. Buna görə də ilk dövrəni səhvsiz başa vurmaq çox vacibdir.

Bazar günü isə bu yeyilməni ən yaxşı idarə edən və stinqlərin sonunda yüksək temp nümayiş etdirən tərəf yarışı öndə başa vuracaq”.

Rauf Hacıyev

Şərh əlavə et