Britaniyalı sürücü cümə günü keçirilən iki məşq sessiyasını müvafiq olaraq ikinci və yeddinci pillələrdə başa vurub. Rassell bu sessiyalarda ən sürətli pilotlar Maks Ferstappen və Şarl Leklerdən müvafiq olaraq 0,383 və 0,492 saniyə geri qalıb.
2026-cı il mövsümünün çempionat lideri və bu ilin dominant pilotu olan komanda yoldaşı Kimi Antonelli üçün vəziyyət daha da pis olub. İtaliyalı pilot Sepanqdakı sessiyaları beşinci və səkkizinci pillələrdə başa vuraraq temp baxımından çətinlik yaşayıb.
Bütün bunlar davam edən Yaxın Şərq münaqişəsi səbəbindən yarışa ev sahibliyi edə bilməyən Bəhreynin yerinə Malayziyanın 2017-ci ildən sonra ilk dəfə Formula 1 təqviminə qayıtdığı həftəsonunda baş verib.
Həmişə olduğu kimi, Cənub-Şərqi Asiyanın isti və rütubətli iqlimi məşq sessiyalarında mühüm rol oynayıb. Hələ yağış yağmasa da, yağıntı ehtimalı daim gündəmdə olub.
Corc Rassell F1 TV-yə açıqlamasında bildirib: “Bu trasda bolid sürmək həqiqətən çox xoş idi. Burada əvvəllər heç vaxt sürməmişdim. Bura həqiqətən də ikonik məkandır.
Bu baxımdan hər şey yaxşı idi, amma belə şəraitdə hamı üçün təkərlərin yeyilməsi çox yüksəkdir və bolidlər çox fərqli iş diapazonunda çalışır.
Komanda olaraq bolidi hələ lazımi vəziyyətə gətirə bilmədiyimizi düşünürəm. Bir qədər tempdən uzağıq və bəzi sazlama dəyişiklikləri etməliyik”.
İkinci məşq sessiyasında hər iki Mercedes pilotunun son sektorda müxtəlif səhvlərə yol verdiyi və buna görə Soft təkərlərlə tam dövrə vaxtı göstərə bilmədiyi nəzərə alınarsa, ilk məşq sessiyasının Mercedes-in real tempini daha yaxşı əks etdirdiyini söyləmək olar.
Uzun müddətdir gözlənilən yeniliklərdən sonra cümə günündəki temp barədə danışan Rassell bildirib: “Bəzi döngələrdə asfaltayatma səviyyəsini hiss edirəm, lakin təkərlərin temperaturunun bu səviyyədə artması və yüksək yeyilmə hər şeyə üstün gəlir.
Buna görə də gecə ərzində bu problemin öhdəsindən gəlməliyik. Bu, yeniliyin özündən daha çox bolidin sazlamaları ilə bağlı məsələdir. Bu istiqamətdə davam edəcəyik”.




Şərh əlavə et