Xəbəri Kokpitdə Oxuyun!

Pirelli: İlişmə aşağı səviyyədə idi

Həftəsonu başlamazdan əvvəl Pirelli-nin uzun illər ərzində yenilənməyən Sepanq asfaltında təkərlərin davranışı ilə bağlı kifayət qədər məlumatı yox idi. Lakin cümə günü bəzi suallara cavab tapmaq mümkün olub.

Simone Berra, Pirelli-nin baş mühəndisi: “Trasın vəziyyəti həftəsonunun ilk günündə təkərlərin işinə ciddi təsir göstərdi. Əvvəldən ilişməsi aşağı səviyyədə idi. Bunun səbəbi toz və təkərlərin potensialını tam göstərməsindən əvvəl kifayət qədər qızdırılmasını tələb edən abraziv asfalt örtüyü idi.

Bu, trasın vəziyyətinin dəyişməsinə və dövrə vaxtlarına açıq şəkildə təsir göstərdi. Hətta birinci və ikinci məşq sessiyaları arasında dövrə vaxtı demək olar ki, dəyişmədi. Bu göstərici simulyatorda sıralanma turu üçün hesablanmış nəticədən dörd saniyə daha yavaşdır. Görünür, sabah pilotların bu göstəriciyə yaxınlaşması belə asan olmayacaq.

Təkərlərin sürüşməsi və asfalt örtüyünün xüsusiyyətləri nəticəsində yüksək termal yeyilmə müşahidə etdik. Bu xüsusilə uzun dövrələr seriyasında özünü daha qabarıq göstərirdi.

Proqnoz ikinci məşq sessiyasında yağış vəd edirdi, lakin tras quru qaldı. Bu da komandalara yarış rejimində bir neçə uzun dövrələr seriyası keçməyə, bizə isə C3 və C4 tərkiblərinin işi barədə böyük həcmdə məlumat toplamağa imkan verdi. Bu təkərlər həm temp, həm də yeyilmə baxımından çox oxşar göstəricilər nümayiş etdirdi.

Soft təkərlər bəzən Medium təkərlərdən daha stabil olurdu. Bunun səbəbi daha yaxşı yol tutuşu və daha az sürüşmə, nəticədə isə daha az qızma idi. Bu tərkiblər arasındakı sürət fərqi dövrədə təxminən yarım saniyə təşkil edir ki, bu da gözləntilərimizə uyğundur. Komandalar məşq sessiyalarında Hard təkərlərdən istifadə etmədi və mövcud bütün dəstləri yarış üçün saxladı.

Cümə günü müşahidə olunan yeyilmə səviyyəsi qorunarsa, dövrə tempində azalma 0,2-0,3 saniyə təşkil edəcək. Nəticədə bazar günü yarışında iki və ya daha çox pit-stop strategiyasının tətbiq olunması mümkündür. Tərkibləri seçərkən də məhz buna nail olmağa çalışırdıq. Lakin daha dəqiq qiymətləndirmə aparmaq üçün bütün məlumatları əlavə təhlil etmək lazımdır”.

Rauf Hacıyev

Şərh əlavə et