Start siqnalının verilməsi ilə pilotlar trasa çıxıb və Yaponiyada bir saatlıq əsas məşq sessiyası başlayıb.
İlk dövrələrdən qısa müddət sonra Aleks Rins 3-cü döngədə motosikletinə nəzarəti itirərək çınqıllıq sahəyə düşüb. Rins ayağa qalxdıqdan sonra vaxt itirmədən trassın kənarına doğru qaçıb.
Luka Marini 1:44.841 nəticə göstərərək liderliyə yüksəlib. Lakin dövrəsini tamamladıqdan qısa müddət sonra qəzaya uğrayıb. Qəzadan sonra öz gücü ilə ayağa qalxan Marini motosikletini çınqıllıq sahədə qoyaraq boksa qayıdıb.
Pedro Akosta 1:44.397 nəticə ilə liderliyə yüksəlib. Marko Bezzekki isə cüzi fərqlə ikinci pillədə qərarlaşıb.
Sessiyanın 51-ci dəqiqəsində Ai Oguranın motosikletindən güclü tüstü qalxmağa başlayıb. Ogura sakit şəkildə motosikletini trassdan kənara çıxararaq dayandırıb və daha sonra ərazidən uzaqlaşıb. Motosikletdən trasa yağ sızdığını müəyyən edən marşallar qırmızı bayraq dalğalandıraraq sessiyanı dayandırıblar və trassın təmizlənməsinə başlanılıb. Oguranın motosikletindəki tüstü alova çevrilməyib.
Təxminən 10 dəqiqəlik təmizləmə işlərindən sonra yaşıl bayraq göstərilib və sessiya davam edib. Ogura məşqi ehtiyat motosikletlə davam etdirib.
Pedro Akosta 1:44.386 nəticə ilə vaxtını yaxşılaşdırıb. Növbəti dövrəsində isə 1:43.866 nəticə göstərərək liderliyini möhkəmləndirib. İohan Zarko cüzi fərqlə ikinci pilləyə yüksəlib.
Marko Bezzekki güclü temp nümayiş etdirərək Akostanın nəticəsini geridə qoyub və 1:43.742-lik dövrə ilə liderliyə yüksəlib.
Mark Markes Akostanı geridə qoyaraq üçüncü pilləyə yüksəlib. Akosta isə 1:43.758 nəticə göstərsə də, mövqeyini yaxşılaşdıra bilməyib və cüzi fərqlə ikinci yerdə qalıb.
Növbəti dövrələrdə Mark Markes 1:43.623 nəticə ilə liderliyə yüksəlib. Bezzekki ondan 0.119 saniyə geri qalaraq ikinci olub.
Sessiyanın ilk yarısı geridə qaldıqda Xorxe Martin tempini artıraraq ikinci pilləyə yüksəlib. Fabio Quartararo isə beşinci yerə çıxıb.
Pedro Akosta gələcək komanda yoldaşı Mark Markesi 1:43.589-luq dövrə ilə geridə qoyaraq yenidən liderliyə yüksəlib.
Sessiyanın son 20 dəqiqəsinə daxil olarkən bütün pilotlar məlumatların təhlili və sazlamalar üçün boksa qayıdıblar. Fermin Aldeqer trassda tək qaldığı dövrələrdən birində 1:43.586 nəticə göstərərək liderliyə yüksəlib.
Qısa müddət sonra pilotlar trasa qayıdıb və dövrə vaxtları yaxşılaşmağa başlayıb. Bezzekki 1:43.276 nəticə ilə ən sürətli olsa da, eyni vaxtda dövrəsini tamamlayan Mark Markes 1:43.138-lik nəticə ilə cavab verib.
Növbəti dövrəsində vaxtını daha da yaxşılaşdıran Bezzekki 1:43.029 nəticə ilə liderliyi ələ keçirib.
Pedro Akosta 1:43.093 nəticə göstərərək Mark Markesi geridə qoyub və ikinci pilləyə yüksəlib.
Sessiyanın son 10 dəqiqəsinə daxil olarkən İohan Zarko ağır qəza keçirərək çınqıllıq sahəyə düşüb. Bir müddət yerdə qalan Zarko trass işçilərinin köməyi ilə ayağa qalxıb və boksa qayıdıb.
Son dövrələrdə Aleks Markes 1:42.811-lik yeni rekord nəticə göstərərək liderliyə yüksəlib.
Damalı bayraqdan sonra tamamlanan dövrələrdə heç bir pilot vaxtını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilməyib. Aldeqer cüzi fərqlə Q2-dən kənarda qalıb.




Şərh əlavə et