Sepanq Beynəlxalq Trasında keçirilən ikinci məşq seansından əvvəl havanın temperaturu 33°C, asfaltın temperaturu isə 61°C olub. Hava kifayət qədər qapalı olsa da, yüksək temperatur davam edib və sessiya zamanı yağış ehtimalı var idi.
Pit yolunun sonunda yaşıl işıqların yanması ilə pilotlar ardıcıl şəkildə trasa çıxmağa başlayıblar. Qrupu Esteban Okon aparıb.
Pyer Qasli, Oskar Piastri, Lando Norris, Valtteri Bottas və Serxio Peres istisna olmaqla, əksər pilotlar C4 orta tərkibli təkərlərə üstünlük veriblər. Bu beş pilot isə məşqə yumşaq tərkibli təkərlərlə başlayıb.
İlk 10 dəqiqə geridə qaldıqda Maks Ferstappen 1:37.785 nəticə ilə liderliyə yüksəlib.
Bu zaman Mercedes pilotları Corc Rassell və Kimi Antonelli yumşaq təkərlərlə sıralanma turu simulyasiyası həyata keçiriblər.
Sessiyanın ortasına yaxın Şarl Lekler qırmızı işarəli yumşaq təkərlərlə 1:37.528 nəticə göstərərək ilk pilləyə yüksəlib. Ayzek Hacar isə ikinci yerə çıxıb. Bu vaxt Lyuis Həmilton komanda radiosu vasitəsilə sağ güzgüdən görüntü ala bilmədiyini bildirib.
Sessiyanın qalan hissəsi nisbətən sakit keçib və pilotların əksəriyyəti yarış simulyasiyası üzərində çalışıb.
Cümə gününün ikinci və son məşq sessiyasının damalı bayraqla başa çatması ilə Şarl Lekler ilk pillədə qərarlaşıb. Ayzek Hacar ikinci, Lando Norris üçüncü, Maks Ferstappen dördüncü olub. İlk beşliyi isə Lyuis Həmilton tamamlayıb.




Şərh əlavə et