Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Yaponiya: İlk məşqdə Markes üstündür

2026 MotoGP Yaponiya Qran Prisinin ilk məşq sessiyasında ən sürətli nəticəni göstərən pilot Mark Markes olub.

 

Motegidə yaşıl işıqların yanması ilə MotoGP həftəsonunun ilk məşq sessiyası başlayıb.

Tech3 pilotu Maverik Vinyales Zaksenrinqdən sonra ilk rəsmi MotoGP dövrələrini vurmaq üçün trasa çıxıb. HRC-nin ehtiyat pilotu Somkiat Chantra isə ötən ilki Valensiya yarışından sonra ilk sessiyasına qatılıb.

Bundan qısa müddət sonra trasda yağış damcıları görünməyə başlayıb. Takaaki Nakagami 11-ci döngədə qəza edib. Hadisədən sonra pilotların əksəriyyəti boksa qayıdıb. Somkiat Chantra, Cek Miller və Toprak Razqatlıoğlu isə dövrələri davam etdiriblər. Toprak bir müddət zaman cədvəlinin zirvəsində qərarlaşıb.

Təxminən 10 dəqiqə sonra Raul Fernandes, Françesko Banyaya, Marko Bezzekki və Xorxe Martin də trasa çıxıblar.

Sessiyanın başa çatmasına 20 dəqiqə qalmış Marko Bezzekki 1:45.572 nəticə ilə liderliyə yüksəlib. Bu zaman tras getdikcə daha çox pilotun çıxışı ilə sıxlaşıb.

Bir neçə dəqiqə sonra Aleks Markes 1:44-lük dövrəyə enərək birinci pilləni ələ keçirib.

HRC daha sonra Takaaki Nakagaminin sol körpücük sümüyündə sınıq olduğunu və onun həftəsonunun qalan hissəsində yarışmayacağını açıqlayıb.

Damalı bayraq dalğalandıqda sessiyanı 1:44.073 nəticə ilə lider tamamlayan Mark Markes olub. Xorxe Martin ikinci, Marko Bezzekki isə üçüncü yeri tutub. Onların ardınca Aleks Markes və İohan Zarko qərarlaşıblar.

Rauf Hacıyev

Şərh əlavə et