Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Tərzimi dəyişdim

Corc Rassell mövsümün ortasında sürüş tərzində ciddi dəyişikliklər etdiyini və artıq detalları düşünmək əvəzinə yalnız sürətli olmağa fokuslandığını bildirib.

Bəhreyn Qran Prisindən əvvəl keçirilən media günündə jurnalistlərin suallarını cavablandıran Mercedes pilotu komandanın performansdakı dalğalanmaları və texniki inkişafı barədə danışıb. May ayından bəri ilk dəfə bu qədər geniş yeniləmə paketi gətirdiklərini təsdiqləyən Rassell rəqiblərinin mövcud büdcə məhdudiyyətləri şəraitində bu qədər tez-tez yenilik təqdim etməsinə təəccübləndiyini deyib.

Rassell həmçinin mövsümün ortasında yaşadığı performans enişini aradan qaldırmaq üçün sürüş tərzində ciddi dəyişikliklər etməli olduğunu açıqlayıb.

Komandanın may ayından bəri ilk böyük yeniləmə paketini dəyərləndirən Corc Rassell deyib: “Sonuncu dəfə may ayında geniş yeniləmə gətirmişdik. İndi isə oktyabrdır və avtomobilimizə yenidən bu qədər geniş yeniləmə etdik.

Etdiyimiz yeniləməyə ayrıca paket kimi baxsaq, kifayət qədər genişdir. Lakin maydan oktyabra qədər olan inkişaf tempimizi nəzərə alsaq, bunun gözlənilən səviyyədə olduğunu deyə bilərəm.

Açığı, komanda olaraq rəqiblərimizin bu müddətdə tez-tez yeniləmələr gətirməsinə təəccübləndik. Hamımızın riayət etməli olduğu büdcə məhdudiyyətlərini nəzərə alsaq, detalların sayı və istehsal baxımından müəyyən çətinliklər yaşadığımız sirr deyil.

Bəlkə də rəqiblərimiz büdcələrini bizdən fərqli şəkildə bölüşdürüblər, bilmirəm. Amma mövsümün qalan hissəsində Red Bull və ya McLaren kimi komandalardan daha bir böyük yeniləmə paketi gələcəyini düşünmürəm. Ümid edirəm ki, bu yeniləmə bizi son altı yarışda çətinlik çəkdiyimiz tras xüsusiyyətlərinə malik dövrələrdə yenidən ön sıralara qaytaracaq”.

Açıqlamalarının davamında Bakıda göstərdiyi güclü performansa və mövsümün ortasında yaşadığı çətin dövrü necə geridə qoyduğuna toxunan Rassell sürüş texnikasında etdiyi dəyişiklikdən də danışıb: “Mövsümün ortasında sürüş tərzimdə şüurlu şəkildə müəyyən düzəlişlər etməli və ciddi dəyişikliklər aparmalı oldum. Bir neçə yarış ərzində adaptasiya prosesinə daim sükan arxasında uyğunlaşmalı idim.

Lakin indi sürüşlə bağlı hər şey daha təbii və instinktiv xarakter alıb. Avtomobili daha yaxşı idarə etmək üçün etməli olduğum şeyləri artıq beynimi yormadan və düşünmədən həyata keçirə bilirəm. Beləliklə, yalnız sürətli olmağa fokuslana bilirəm.

Yay fasiləsindən əvvəlki iki-üç yarış mühərrikdəki etibarlılıq problemlərinə görə uğursuz keçdi və bu, həftəsonu ərzindəki performansımıza da təsir etdi. Mənim üçün həqiqətən əsəbi və çətin mövsüm oldu. Lakin ritmimi yenidən tapmışam və qarşıdakı yarışlarda da bunu qorumaq üçün çalışıram”.

Rauf Hacıyev

Şərh əlavə et