Azərbaycan Qran Prisinin media günündə jurnalistlərin qarşısına çıxan niderlandlı sürücü Formula 1-in gündəmindəki bir sıra məsələlər barədə özünəməxsus üslubda danışıb. Çempion pilot dözümlülük yarışlarında iştirak planlarından 2027-ci il təqviminə, yarış məsafələrinin qısaldılmasından yeni mühərrik qaydalarına qədər müxtəlif mövzulara toxunub.
Xüsusilə qayda dəyişiklikləri və bolidin verdiyi hisslərlə bağlı Fernando Alonsonun sərt tənqidlərini dəstəkləyən Ferstappen Monakoda sprint yarışının əsas yarışdan ciddi fərqlənməyəcəyini düşünür.
Dördqat Dünya Çempionu hazırkı qaydalar çərçivəsində batareya və daxiliyanma mühərriki arasındakı güc balansının düzgün qurulmadığını bildirib.
Maks Ferstappen: “Fernando dediklərinin demək olar ki, hamısında tamamilə haqlıdır. Təbii ki, start cərgəsindəki mövqeyinə görə o, bu vəziyyəti məndən daha çətin şərtlərdə yaşayır.
Amma mənim üçün əsas məsələ budur: bizə daha çox daxiliyanma mühərriki gücü, daha az batareya gücü lazımdır. Bunu nə qədər yaxşı bacarsaq, vəziyyət də bir o qədər yaxşılaşacaq.
Hazırda batareya gücünü azaltmaq bolidin performansını bir qədər daha normal göstərə bilər. Ancaq ümumi gücü də azaltmış olursunuz. Bu isə sürüş hissi baxımından o qədər də xoş deyil.
Bolidlərin yenidən təbii hiss olunması üçün daha böyük dəyişikliklər lazımdır. Əgər yarış məsafəsini 3-4 dövrə qısaltmaq yanacaq sərfiyyatına kömək edəcəksə və bizə daha yaxşı sürüş hissi verəcəksə, buna heç kim etiraz etməz.
Hətta mənə daha yaxşı hiss etdirən mühərrik verəcəklərsə, yarış məsafəsinin 50 faiz qısaldılmasına belə razıyam”.
Monakoda sprint yarışının keçirilməsi qərarı və dözümlülük yarışlarında iştirak planlarından da danışan çempion pilot əsas diqqətinin həmişə bazar günü keçirilən əsas yarışda olduğunu vurğulayıb:” Monakoda sprint yarışı keçirmək əsas yarışda nə baş verirsə, onun eynisini yaşamaq deməkdir.
Startda həyəcan olacaq, sonra isə heç kim heç kimi ötməyəcək. Bu qədər sadədir. Düzünü desəm, sprint yarışlarını qazanıb-qazanmamağımın mənim üçün emosional əhəmiyyəti yoxdur. Uşaqlığımdan bəri yalnız bazar günü keçirilən əsas yarışa fokuslanmışam.
Gələcəkdə Nürburqrinq və Spa 24 Saat yarışlarında iştirak etmək istəyirəm. Amma Le-Mans hazırda siyahımda yoxdur. Nordşlayfeyə qayıtmaq onsuz da çoxdan istədiyim bir şeydir. Təqvimim və hazırlıq prosesim imkan versə, orada yarışacağam”.




Şərh əlavə et