Xəbəri Kokpitdə Oxuyun!

Piastri: Bakını həm sevirəm, həm nifrət edirəm

2024-cü ildə Oskar Piastri möhtəşəm performans göstərərək Azərbaycan Qran Prisini qazanmışdı, bir il əvvəl isə paytaxtımızdakı yarışın ilk dövrəsində bolidini qəzaya uğradaraq mübarizəni dayandırmışdı. Buna görə də Bakı trasına münasibəti barədə suala cavab verən McLaren pilotunun bunu bir-birinə zidd iki hissin vəhdəti kimi xarakterizə etməsi təəccüblü deyil.

Oskar Piastri: “Demək olar ki, müəyyən mənada həm sevgi, həm də nifrətdir. Yəqin ki, məhz bu trasda ən yaxşı yarışımı keçirmişəm, amma ən pis yarışım da, yəqin ki, burada olub. Bakıdakı yarışlar həmişə hadisələrlə zəngin keçir və bunu öz təcrübəmdən bilirəm.

Burada sükan arxasında özünəinam qazanmaq çox vacibdir. Təbii ki, məqsəd həddi sonadək zorlamaqdır. Bakı Şəhər Halqası küçə trasına xas xüsusiyyətləri çoxsaylı intensiv əyləc zonaları ilə olduqca nadir şəkildə birləşdirir. Buna görə də bu tras özünəməxsus maraqlıdır. Ümumilikdə, ümid edirəm ki, bu həftəsonum daha çox 2024-cü ildəki yarışa bənzəyəcək.

MCL40-ı getdikcə daha çox inamla idarə edirəm, ancaq inkişaf prosesi xətti şəkildə getmir. Hansı yanaşmaların işlədiyini, hansılarının isə işləmədiyini daim müəyyənləşdirirsən və hazırda biz hələ də bu mərhələdəyik. Düşünürəm ki, əvvəlki mərhələdə nəhayət sürətli bolidimiz var idi. Amma buna baxmayaraq, dövrədə yaxşı nəticə əldə etmək yenə də çox çətin idi.

Məncə, əsas çətinlik də budur. Lakin düşünürəm ki, biz yenə də irəliləyirik. Ən azı, pilotajla bağlı müxtəlif yanaşmaları öyrənirik. Onlardan bəziləri effektiv olur, bəziləri isə yox. Ən vacibi isə odur ki, yerimizdə saymırıq”.

Bundan əlavə, Piastri komandanın rəhbəri Andrea Stellanın sözlərini də təsdiqləyib. Stella Oskarın builki bolidin xüsusiyyətlərini daha yaxşı anlamasına kömək etmək üçün əlavə mühəndis resurslarını prosesə cəlb etdiklərini bildirib.

Oskar Piastri: “Sükan arxasına keçmədən üzərində işləyə biləcəyimiz çoxsaylı məqamlar var və təbii ki, yaxşılaşma əldə etmək üçün əlimizdən gələni edirik. Mən bunu hiss edirəm və bu, yaxşı haldır. Məhdud vaxt şəraitində müxtəlif yanaşmaları təsadüfi şəkildə seçərək sınaqdan keçirə bilmərik. Məncə, komanda mümkün qədər tez inkişaf əldə etməyə çalışaraq buna çox yaxşı reaksiya verir və əlbəttə ki, onun hərtərəfli dəstəyini hiss edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et