Xəbəri Kokpitdə Oxuyun!

Bolqarıstanın Aslanı: Tsolov F1-ə doğru gedir?

Formula 1-ə gedən yol həmişə eyni ölkələrdən, eyni ailələrdən və eyni yarış məktəblərindən keçmir. Bəzən bu yolun başlanğıcında avtoidman ənənəsi ilə elə də seçilməyən bir ölkə dayanır. Bolqarıstan kimi. Və məhz belə bir ölkədən çıxan Nikola Tsolov artıq Formula 1-in qapısını döyən ən maraqlı gənc sürücülərdən birinə çevrilib.

“Bolqarıstan Aslanı” ləqəbli Tsolovun hekayəsini maraqlı edən təkcə onun istedadı deyil. Onun arxasında iki böyük ad dayanır: Fernando Alonso və Red Bull Junior Team. Birincisi onun istedadını çox erkən görüb, ikincisi isə bu istedadı Formula 1 səviyyəsinə çatdırmaq üçün dünyanın ən güclü sürücü proqramlarından birinin imkanlarını qarşısına qoyub.

Aslanın ilk izləri – kartinqdən gələn istedad

Tsolovun hekayəsi kartinqdən başlayıb. O, hələ uşaq yaşlarından yarışmağa başlayıb və qısa müddətdə Bolqarıstandan kənarda da özünü göstərib. 2019-cu ildə WSK Open Cup-da qalib gəlməsi, 2020-ci ildə dünya çempionatında ilk onluğa daxil olması və 2021-ci ildə WSK Final Cup-da ikinci yer tutması onun artıq beynəlxalq səviyyədə ciddi potensiala malik olduğunu göstərib.

Daha maraqlısı isə həmin dövrdə onun Fernando Alonsonun kartinq strukturu ilə əlaqəsinin olması idi.

Fernando Alonso istedadı görür

Alonso burada sadəcə adını verən bir mentor olmayıb. Tsolovun sözlərinə görə, o, Alonsonun komandasında yarışarkən ispaniyalı çempion onun potensialını görüb və sonrakı karyera mərhələlərində ona dəstək verməyə başlayıb. Tsolovun Formula 4-ə keçidində və ilk Formula 3 illərində Alonso tərəfindən yaradılan A14 Management strukturunun dəstəyi xüsusi rol oynayıb.

Hətta onların münasibəti yalnız məsləhətlərlə də məhdudlaşmayıb. 2021-ci ildə Tsolov Alonso ilə birlikdə Dubayda keçirilən 24 saatlıq kartinq yarışında iştirak edib və ekipaj üçüncü yeri tutub. Gənc bolqar üçün bu, ikiqat Dünya Çempionunun yanında yarışmaqla yanaşı, onun düşüncə tərzini və peşəkarlığını birbaşa müşahidə etmək imkanı olub.

Formula 4-də partlayış – Bolqarıstan Aslanı özünü göstərir

Amma Tsolovun karyerasında ilk böyük “partlayış” Formula 4-də gəlib.

2022-ci ildə İspaniya Formula 4 çempionatında debüt edən Tsolov rəqiblərinə sözün əsl mənasında aman verməyib. Mövsüm ərzində 13 qələbə, 15 poul və 17 podium qazanaraq çempion olub. Üstəlik, bunu debüt mövsümündə edib.

Bu nəticə artıq onun sadəcə perspektivli sürücü yox, aşağı formulalarda qalib gəlməyi bacaran xüsusi istedad olduğunu göstərib.

Formula 3 – ilk çətinliklər, sonra böyük addım

Formula 3-də ilk mövsümündə nəticələr gözlənilən qədər parlaq olmasa da, Tsolov burada da dayanmayıb. 2024-cü ildə ilk F3 qələbələrini qazanıb və daha sonra 2025-ci ildə artıq çempionluq uğrunda mübarizənin əsas simalarından birinə çevrilib.

2025-ci il onun karyerasının dönüş nöqtələrindən biri olub. Tsolov Formula 3 mövsümünü ikinci pillədə başa vurub və mövsüm ərzində bir neçə qələbə qazanaraq F3 tarixində ən çox yarış qazanan sürücülərdən biri olub. Red Bull-un öz məlumatlarında da onun həmin mövsümə qələbə ilə başlaması xüsusi qeyd edilir.

Və Red Bull qapını açır

Bütün bunların arasında çox vacib bir dəyişiklik baş verib: Tsolov Red Bull Junior Team-ə qoşulub.

Bu, sadəcə başqa bir akademiyaya keçid deyildi. Çünki Red Bull-un sürücü proqramı Formula 1-ə ən qısa və ən sərt yollardan birini təqdim edir. Maks Ferstappen kimi sürücünün kartinqdən Formula 1-ə qədər bütün yolunu izləyən bu sistem istedadı tapmaqla kifayətlənmir – onu ən yüksək səviyyədə yarışmağa hazırlayır.

Tsolovun Red Bull akademiyasına qəbul edilməsi də təsadüfi görünmür. Onun aşağı seriyalardakı nəticələri artıq kifayət qədər güclü siqnal verib. Red Bull indi həmin istedadı Formula 2 səviyyəsində sınayır və Tsolov 2026-cı ildə Campos Racing ilə tam F2 mövsümündə yarışır.

Formula 2 – artıq söhbət başqa səviyyədən gedir

Tsolov F2-yə gəlməmişdən əvvəl də özünü göstərib. 2025-ci ilin sonunda cəmi iki mərhələdə F2 debütü edən Tsolov Lusaildə yeddinci yerdən start götürüb, Abu-Dabidə isə sprint yarışında podiuma yüksəlib. Bu, onun yeni kateqoriyaya uyğunlaşmaq üçün uzun müddətə ehtiyac duymadığını göstərib.

2026-cı ildə isə artıq söhbət başqa səviyyədən gedir. Tsolov F2-də qələbələr qazanaraq çempionluq mübarizəsinin içində olduğunu göstərib. Monakoda uzun yarışda qazandığı qələbə və həftəsonunu 27 xalla başa vurması onun çempionluq iddiasını daha da gücləndirib. 20 yaşlı sürücü hazırda çempionatda liderdir və ən yaxın rəqibi olan Rafael Kamaranı 7 xal qabaqlayır.

Növbəti dayanacaq haradır? Formula 1?

Bütün bunlar bizi əsas suala gətirir: Nikola Tsolovu Formula 1-də nə vaxt görəcəyik?

Bu gün üçün onun qarşısında ən real yol Red Bull ailəsinin daxilində Formula 1-ə yüksəlməkdir. Tsolov artıq Red Bull Junior Team sürücüsüdür və hazırda F2-də özünü sübut edir. Sonrakı məntiqi mərhələ isə Red Bull-un Formula 1 komandası və ya Racing Bulls üçün testlər, simulyator proqramı və nəhayət yarış oturacağı uğrunda mübarizədir.

Əslində Red Bull-un Tsolova yatırımının məntiqi də budur. Bu proqram sürücüləri illərlə aşağı seriyalarda saxlamaq üçün yaradılmayıb. Əgər Tsolov F2-də özünü çempionluq səviyyəsində göstərsə, onun qarşısında Formula 1-dən başqa çox az məntiqli dayanacaq qalacaq.

Bolqarıstandan Formula 1-ə gedən yol

Və burada Red Bull Junior Team-in gücünü ayrıca qeyd etmək lazımdır. Red Bull-un akademiyası elə bir sistemdir ki, Formula 1-in ənənəvi güc mərkəzlərindən biri olmayan Bolqarıstan kimi ölkədən də dünya çempionatına sürücü çıxarmaq potensialına malikdir. Bu, əslində akademiyanın nə qədər geniş istedad axtarışına getdiyini göstərir. Onlar sürücünün hansı ölkədə doğulmasından daha çox, onun trasda nə edə bildiyinə baxırlar.

Tsolov bunun ən gözəl nümunəsidir. Bolqarıstanda doğulub, kartinqdə Avropaya çıxıb, Fernando Alonsonun diqqətini çəkib, A14 Management-in dəstəyini alıb, Formula 4-də çempion olub, Formula 3-də qalibiyyətlər qazanıb və nəhayət Red Bull Junior Team-in üzvünə çevrilib.

İndi sual “olacaqmı?” deyil

Bu hekayənin gözəlliyi də elə bundadır. Çünki bir vaxtlar Bolqarıstanın Formula 1-də öz sürücüsünün olması uzaq xəyal kimi görünə bilərdi. İndi isə həmin ölkənin bayrağını Formula 1 padokuna gətirməyə namizəd olan 19 yaşlı bir sürücüsü var.

Üstəlik, onun arxasında ikiqat dünya çempionu Fernando Alonso kimi bir mentor və Formula 1-in ən aqressiv, ən effektiv sürücü yetişdirmə sistemlərindən biri olan Red Bull Junior Team dayanır.

Tsolovun qarşısında hələ sonuncu və ən çətin pillə – Formula 1 dayanır. Amma aşağı seriyalarda göstərdiklərinə baxanda onun artıq “Formula 1-ə çata bilərmi?” sualından daha çox “Formula 1-ə nə vaxt çatacaq?” sualını gündəmə gətirməsi təsadüfi deyil.

Bəlkə də bir neçə ildən sonra Formula 1 startında Bolqarıstan bayrağını görəndə bu hekayənin başlanğıcını xatırlayacağıq: kiçik bir ölkədən çıxan bir uşaq, onu erkən yaşda görən Fernando Alonso və dünyanın ən böyük yarış proqramlarından birinin ona açdığı qapı… Və həmin qapının arxasında Red Bull-un Formula 1 dünyası dayanır.

 

Rauf Hacıyev

Şərh əlavə et