Sürücülərin pit yolunda hazırlıqlarını başa çatdırmasından sonra start siqnalı verilib və Araqon trasında yarım saatlıq son məşq sessiyası başlayıb.
Sessiyanın ilk dəqiqələrində sürücülər trasa uyğunlaşmaq və motosikletlərinin sazlamalarını yoxlamaq üçün sınaq dövrələri vurublar. Təxminən beş dəqiqədən sonra ilk nəticələr qeydə alınıb.
Pedro Akosta 1:47.573-lük dövrə ilə zirvəyə yüksəlib. Marco Bezzekki cüzi fərqlə ikinci olub. Daha sonra Yohann Zarko liderliyi ələ keçirib. Mark Markes isə 1:47.261-lik nəticə ilə ikinci pilləyə qalxıb.
Qısa müddət sonra Bezzekki yeni cəhdində 1:46.761-lik nəticə göstərərək zirvəyə yüksəlib. Dioqo Moreyra 1:46.839-luq dövrə ilə Markesi geridə qoyaraq ikinci olub. Toprak Razqatlıoğlu isə 1:47.573-lük nəticə ilə 12-ci pillədə qərarlaşıb.
Sessiyanın ilk 10 dəqiqəsi geridə qaldıqda Xorxe Martin 1:47.171-lik nəticə göstərərək 8-ci sıraya yüksəlib.
Motosikletlərin sazlanması və məlumatların təhlili üçün boksa qayıtmazdan əvvəlki son dövrələrdə Bezzekki nəticəsini 1:46.756-ya yaxşılaşdıraraq liderliyini qoruyub.
Sessiyanın son 10 dəqiqəsinə daxil olduqda sürücülər yenidən trasa çıxaraq son cəhdlərinə başlayıblar.
Fabio Di Canantonio 1:46.969-luq dövrə vuraraq 4-cü pilləyə yüksəlib.
Bezzekki isə növbəti dövrəsində nəticəsini yaxşılaşdıra bilməyib. Bundan istifadə edən Mark Markes 1:46.448-lik dövrə ilə zirvəni ələ keçirib. Raul Fernandes də sürətli temp nümayiş etdirərək 1:46.637-lik nəticə göstərib və Markesin arxasında ikinci pilləyə yüksəlib.
Lakin sessiyanın son saniyələrində Bezzkki 1:46.216-lıq dövrə vuraraq liderliyi geri qaytarıb.
Damalı bayrağın dalğalanması ilə Bezzekki son məşq sessiyasını ən sürətli pilot kimi başa vurub. Marc Markes ikinci, Raul Fernandes isə üçüncü olub.




Şərh əlavə et