Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Araqon: Bezzekki əsas məşqlərdə rekord qırıb

MotoGP üzrə Araqon Qran Prisinin əsas məşq sessiyasında ən sürətli nəticəni Marko Bezzekki göstərib.

Sessiya başlamazdan əvvəl Araqonda havanın temperaturu 25, asfaltın temperaturu isə 49 dərəcə olub.

Sürücülərin pit yolunda düzülməsindən sonra start siqnalı verilib və bir saatlıq əsas məşq sessiyasına başlanılıb.

İlk dövrələrdə Mark Markes 1:46.320-lik nəticə ilə liderliyə yüksəlib. Pedro Akosta cüzi fərqlə ikinci, Xorxe Martin isə üçüncü olub.

İlk 10 dəqiqə geridə qalanda Bezzekki lider Markesdən 0.326 saniyə geri qalaraq üçüncü pilləyə yüksəlib.

Sessiyanın ilk bölümündə sürücülər əsasən sürətə deyil, trasın vəziyyətini qiymətləndirməyə fokuslanıblar. 20 dəqiqə geridə qalanda bütün sürücülər sazlamaları optimallaşdırmaq və məlumatları təhlil etmək üçün boksa qayıdıblar.

Sessiyanın ikinci yarısına yaxın sürücülər yenidən trasa çıxıblar. Fabio Di Canantonio 1:46.644-lük dövrə ilə üçüncü pilləyə yüksəlib. İtalyan sürücü daha sonra nəticəsini 1:46.618-ə yaxşılaşdıraraq ikinci olub. Lakin çox keçmədən Bezzekki 1:46.481-lik dövrə ilə ikinci pilləni ondan alıb.

Bezzekki növbəti dövrələrdə nəticəsini yaxşılaşdırmağa çalışsa da, bir müddət ikinci yerdə qalıb.

Sessiyanın son 20 dəqiqəsində sürücülərin əksəriyyəti yenidən boksa qayıdıb.

Son 15 dəqiqəyə yaxın Fermin Aldeger 1:45.909-luq nəticə ilə liderliyə yüksəlib. Toprak Razqatlıoğlu isə 1:47.592-lik dövrə ilə 17-ci pilləyə qalxıb. Akosta 1:46.252-lik nəticə ilə ikinci olub.

Son 10 dəqiqəyə yaxın Toprakın komanda yoldaşı Cek Miller qəza edib. Onun vəziyyətinin yaxşı olduğu bildirilib və hadisədən sonra trasda qısa müddət ərzində sarı bayraq dalğalanıb.

Xorxe Martin 1:46.027-lik nəticə ilə ikinci pilləyə yüksəlib.

Daha sonra Bezzekki 1:45.835-lik dövrə ilə qısa müddətə liderliyə çıxıb. Lakin Mark Markes 1:45.493-lük nəticə göstərərək zirvəni yenidən ələ keçirib. Onun qardaşı Aleks Markes isə 0.276 saniyə fərqlə ikinci olub.

Sessiyanın son beş dəqiqəsində isə Bezzekki 1:45.455-lik yeni rekord nəticə göstərərək liderliyi ələ keçirib və sessiyanın son sözünü deyib.

Aleks Markes damalı bayraqdan sonra tamamladığı dövrədə yeni rekord vurmağa yaxın olub. Lakin son sektorda vaxt itirdiyi üçün 1:45.465-lik nəticə ilə ikinci pillədə qalıb.

Beləliklə, Marko Bezzekki rekord dövrə ilə əsas məşq sessiyasının ən sürətli sürücüsü olub.

Rauf Hacıyev

Şərh əlavə et