Kokpit.az xatırladır ki, taylandlı sürücü 2022-ci il mövsümündən əvvəl Williams-a qoşulmuşdu və komanda yoldaşı Karlos Sayns ilə birlikdə müqaviləsi bu ilin sonunda başa çatacaq pilotlar arasında yer alırdı.
Lakin 30 yaşlı pilot 2027-ci il mövsümü üçün birillik müqavilə uzatması imzalayaraq yaxın gələcəyini Qrouv mərkəzli komandaya bağlayıb. Beləliklə, komandanın uzunmüddətli yenidənqurma prosesini davam etdirməsinə dəstək verəcək.
Aleks Elbon komandanın yaydığı açıqlamada belə deyib: “2022-ci ildə Atlassian Williams F1 Team-ə qoşulduğum vaxtdan bəri komandanın keçdiyi inkişafı sözlərlə ifadə etmək çətindir.
Çətin keçən bir mövsüm böyük mənzərənin tamamını göstərmir və bu vəziyyət həm bazamız, həm də azarkeşlərimizlə birlikdə böyük uğurlar qazanmaq üçün daha çox çalışmaq və mübarizə aparmaq motivasiyamı artırır.
Hekayəmiz hələ bitməyib. Buna görə də hazırda bütün diqqətimi bizi yenidən pelotonun ön sıralarına qaytarmaq üçün lazım olan hər şeyi etməyə yönəltmişəm”.
Komanda rəhbəri Ceyms Vovlz isə 2026-cı ildəki geriləməyə baxmayaraq Elbonun Williams-a olan inamını qorumasından böyük məmnunluq duyduğunu bildirib: “Aleks bu inkişaf layihəsinin ilk günündən etibarən liderlərimizdən biri olub və həyata keçirmək istədiyimiz hələ çox şey var.
Aleks pelotonun ən yaxşı pilotlarından biridir və son illərdə əldə etdiyimiz böyük inkişafı hamıdan daha yaxşı bilir. Onunla yenidən müqavilə imzalamağımız hər ikimizin getdiyimiz istiqamətə olan inamını göstərir”.




Şərh əlavə et