Touriss ayrılıq qərarının qarşılıqlı razılaşma olmadığını vurğulayıb. Qərarı şəxsən özünün verdiyini bildirib.
Qərarın kənardan qəfil görünməsini isə Formula 1-in özünəməxsusluğu ilə əlaqələndirib: “Bu, tamamilə mənim qərarım idi. Qarşılıqlı verilmiş qərar deyildi. Proses əslində bir neçə ay əvvəl başlamışdı.
Cadillac-ın növbəti mərhələsinin necə görünəcəyini düşünməyə başladıq. Doğru vaxtı müəyyənləşdirməyə çalışdıq. Həmçinin bu sahədəki insanların bacarıqlarını qiymətləndirdik.
Marçinlə apardığımız danışıqlardan və münasibətimizin necə inkişaf etməsindən çox razı qaldıq.
Qremlə bu səhər danışdıq. Bu baxımdan, görüşümüz çox yaxın zamanda baş tutub.
Formula 1-də belə dəyişiklikləri həyata keçirməyin asan yolu yoxdur. Təsəvvür edin ki, Marcin bazanı gəzərkən və ya biz danışıqlar apararkən bu barədə mətbuata məlumat sızsaydı, hansı narahatlıq yaranardı. Belə vəziyyətlər komandanı qeyri-sabit vəziyyətə sala bilər.
Buna görə də həmin dövrdə rəhbərliyin səlahiyyətlərinə hörmət etmək vacibdir. Bu isə qərarvermə prosesini və vaxt cədvəlini istər-istəməz sıxışdırır.
Baş verənlərin olduğundan daha qəfil görünməsinin səbəbi də budur. Formula 1-in təbiətinə görə proses belə getməli idi”.
F1 paddokunda belə yüksək səviyyəli dəyişikliklərin adətən əvvəlcədən mətbuata sızması normal haldır. Buna görə də Loudonun ayrılığının tamamilə gizli saxlanılması diqqət çəkib.
Touriss Loudonun heç vaxt “müvəqqəti” komanda rəhbəri kimi görülmədiyini də bildirib. Lakin komandanın böyümə sürəti və sahiblərin hədəfləri dəyişiklik qərarını qaçılmaz edib: “Qremlə hər zaman müəyyən mərhələdə dəyişiklik olacağını danışırdıq. Amma dediyim kimi, bu qərarı mən verdim.
Komandanın hazırkı strukturuna baxanda yeni və innovativ bir şey yaratmaq üçün imkanlarımızın çox məhdud olduğunu görə bilərsiniz.
Mənim istəmədiyim şey artıq dəfələrlə istifadə olunmuş və köhnəlmiş bir struktur qurmaq idi. Sonra isə həmin strukturu inkişaf etdirməyə çalışmaq istəmirdim.
Buna görə də dəyişiklik vaxtı gözlədiyimizdən daha tez gəldi.
Bunun son bir neçə həftədəki trasüstü performansımızla və ya yaşadığımız problemlərlə əlaqəli olduğunu deyə bilmərəm.
Məsələ tamamilə gələcəkdə nə quracağımızla bağlı aydın vizyona sahib olmaqdan ibarətdir. Eyni zamanda inkişaf sürətimizi artırmaq və bunu komanda sahiblərinin ambisiyaları ilə uyğunlaşdırmaq istəyirik”.
Touriss Loudonla arasında baş tutan şəxsi görüşlərin təfərrüatlarını açıqlamayacağını bildirib.
Bununla belə, son dörd il ərzində layihəni sıfırdan qurmaq üçün birlikdə göstərdikləri səylərə böyük hörmət bəslədiyini vurğulayıb.




Şərh əlavə et