Xəbəri Kokpitdə Oxuyun!

ADUO sistemi yenidən işlənə bilər

ADUO sistemi Formula 1-də müzakirə mövzusu olmaqda davam edir.

2026-cı il mövsümünün ilk yarısında müzakirələrin mərkəzində olan əlavə inkişaf və yeniləmə imkanları (ADUO) sistemi paddokda hələ də gündəmdədir.

Sistem rəqiblərindən geri qalan mühərrik istehsalçılarına kömək etmək üçün tətbiq olunub. Məqsəd həm də keçmişdə Honda-nın yaşadığı problemlərin təkrarlanmasının qarşısını almaqdır. Lakin sistem praktikada komandalar arasında ciddi siyasi mübarizəyə çevrilib.

Mercedes-in komanda rəhbəri Toto Volff ilk açıqlamalarında sistemin zəif komandalar üçün ədalətsiz üstünlüyə çevrilməməsi barədə xəbərdarlıq etmişdi. Buna baxmayaraq, FIA-nın açıqladığı ilk güc sıralamasında lider Mercedes-in güc qurğusu olmayıb. İlk pillədə Red Bull-un güc qurğusu qərarlaşıb. Bu nəticə paddokda böyük təəccüb yaradıb.

FIA-nın ilk ölçmə mərhələsindən sonra Red Bull Ford güc qurğusu sıralanmada birinci olub. Bu nəticə Red Bull-un rəhbərliyində ciddi məyusluq yaradıb.

Ortaya çıxan mənzərənin iki əsas səbəbi var.

Birincisi, ADUO ölçmələri yalnız daxiliyanma mühərriki əsasında aparılır. Bu isə güc qurğusunun elektrik hissəsində də inkişaf imkanlarının mövcud olması ilə ziddiyyət təşkil edir.

İkincisi isə paddokdakı iddialardır. İddialara görə, Mercedes və ADUO hüququ qazanan iki istehsalçıdan biri olan Ferrari ilk yarışlarda tam gücünü göstərməyib. Bununla da sistemi öz xeyirlərinə dəyişdirə biliblər.

İlk ölçmə dövrünün nəticələri Red Bull üçün böyük məyusluq yaradıb. Bu vəziyyət nəticələrin niyə hələ rəsmi şəkildə açıqlanmadığı barədə sualları da artırıb.

FIA-nın Təkoturacaqlı Bolidlər üzrə direktoru Nikolas Tombazis Motorsport-a açıqlamasında vəziyyəti şərh edib: “Formula 1-də demək olar ki, hər şey son dərəcə həssasdır.

11 komandanın və beş-altı mühərrik istehsalçısının ‘Əla, hamımız eyni fikirdəyik’ deməsi çox nadir haldır.

Hamının razı olduğu yeganə məsələ avqust fasiləsinin yaxşı olmasıdır. Bunun mənim fikrim olduğunu da xatırlatmaq istəyirəm!”

Tombazis sistemin gələcək illərdə dəyişdirilməsinə ehtiyac yarana biləcəyini qəbul edir. Bununla belə, ölçmələrin düzgün aparıldığında israr edir: “Hamı çox rəqabətçidir. Hər kəs rəqibləri ilə müqayisədə hansı vəziyyətdə olduğunu düşünür. Buna görə də bu proses olduqca çətin keçdi.

Mənim fikrimcə, apardığımız ölçmələr son dərəcə dəqiq nəticələr verib.

Bəs hər şey mükəmməl işlədimi? Xeyr. Çünki insanlar bundan razı deyil.

Gələcəkdə təkmilləşdirmələr barədə düşünməliyikmi? Bəli, bunu etməli olduğumuzu deyə bilərəm”.

Sistemdəki əsas problemlərdən biri digər istehsalçıların əldə etdikləri inkişaf hüquqlarından daxiliyanma mühərrikini gücləndirmək üçün istifadə etməməsidir.

Belə bir vəziyyətdə Red Bull nəzəri olaraq uzun müddət güc sıralamasının zirvəsində qala bilər.

Tombazis bunun praktikada baş verəcəyini düşünmür. Buna baxmayaraq, sistemin gələcəkdə yenidən nəzərdən keçirilməli olduğunu qəbul edir: “Düşünürəm ki, sistem hazırlandığı kimi işləyir. Lakin gələcəkdə aradan qaldırmalı olduğumuz bəzi zəif tərəflərin olduğu da doğrudur.

Prosesi daha az vaxt aparan və daha az mübahisəli etmək üçün gələcəkdə müəyyən təkmilləşdirmələr etməliyik”.

Sistemdən hazırda ən çox faydalanan istehsalçı isə Honda-dır. Yapon istehsalçısı ən böyük inkişaf hüququnu əldə edib.

Honda ilk ADUO yeniləməsini Zandfortda təqdim edəcək.

Honda-nın tras mühəndisliyi üzrə baş meneceri Şintaro Orihara sistemin onlar üçün faydalı olduğunu bildirib: “FIA-dan aldığımız statistikalar kifayət qədər məntiqli görünür. Bunun ədalətli qiymətləndirmə olduğunu deyə bilərəm.

ADUO sayəsində hazırda mühərrikimizi inkişaf etdirmək üçün intensiv şəkildə çalışırıq”.

Tombazis ADUO sistemi ilə bağlı fikirlərini belə yekunlaşdırıb: “Bəlkə də sistemin Formula 1-də necə işlədiyini gördükdən sonra müəyyən dəyişikliklər etmək olar.

Hazırda Honda üçün yaxşı işləyir. Ancaq onun bütün istehsalçılar üçün ədalətli olub-olmadığını izləməyə davam etməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et