Xəbəri Kokpitdə Oxuyun!

Honda-nın yeni motorunun çıxış tarixi məlumdur

Honda, Aston Martin üçün hazırladığı yenilənmiş Formula 1 güc qurğusunu yay fasiləsindən sonra keçiriləcək Niderland Qran Prisində istifadəyə verməyi planlaşdırır.

Honda-nın tras əməliyyatları üzrə baş meneceri və baş mühəndisi Şintaro Orihara Belçika Qran Prisi ərəfəsində verdiyi açıqlamada yeni güc qurğusunun iki yarışdan sonra istifadəyə veriləcəyini bildirib.

Bu açıqlamaya əsasən, Honda yenilənmiş güc qurğusunu yay fasiləsindən sonra Zandfortda keçiriləcək Niderland Qran Prisində debüt etdirməyi planlaşdırır.

Orihara hazırkı güc qurğusu ilə məlumat toplamağın vacibliyini də vurğulayıb: “Yeni mühərrikdən istifadə etməyə başlamağımıza hələ iki yarış var. Gələcək yarışlarda, xüsusilə də Monza kimi uzun düzlüklərə malik traslarda istifadə edə biləcəyimiz enerji paylanması ilə bağlı məlumatları toplamaq üçün mövcud spesifikasiya ilə öyrənməyə davam etməyimiz vacibdir”.

Honda-nın güc qurğusu 2026-cı il mövsümündə tətbiq edilən ADUO sistemi çərçivəsində hazırda griddə ən zəif güc qurğusu hesab olunur. Bu mexanizm performans baxımından geri qalan istehsalçılara mövsüm ərzində əlavə inkişaf imkanları verir. Honda da məhz bu hüquqdan istifadə edərək yenilənmiş güc qurğusunu yay fasiləsindən sonra istismara verməyə hazırlaşır.

Bu yeniləmə mövsümün ilk yarısında ciddi çətinliklərlə üzləşən Aston Martin üçün böyük əhəmiyyət daşıyır. Belçika və Macarıstan Qran Prilərinin komanda üçün yenə də çətin keçəcəyi gözlənilir.

Silverstounda Fernando Alonsons Stroll həm sprint, həm də əsas yarışın sıralama sessiyalarında son sıralarda qərarlaşıblar. Onlar Cadillac-dan bir saniyədən çox geri qalıb, Q2 mərhələsinə yüksəlmək üçün tələb olunan tempdən isə iki saniyədən artıq uzaqda olublar.

Orihara bildirib ki, Spa xüsusilə enerji idarəetməsi baxımından istehsalçılar üçün ciddi sınaq olacaq: “Spa enerji idarəetməsi baxımından istehsalçılar üçün mühüm sınaqdır. Uzun düzlüklərdə MGU-K gücündən necə istifadə edəcəyimizi çox diqqətlə planlaşdırmalıyıq.

Trasın uzun olmasına baxmayaraq, enerji bərpası kifayət qədər məhduddur. Buna görə də düzgün enerji paylanması strategiyasını hazırlamaq daha da vacib olur. Uzun düzlüklər təkcə performans baxımından deyil, həm də etibarlılıq nöqteyi-nəzərindən güc qurğusunu ciddi şəkildə yükləyir”.

Belçikanın dəyişkən hava şəraitinə də toxunan Orihara sözlərini belə davam etdirib: “Digər naməlum amil isə Spanın dəyişkən hava şəraitidir. Silverstounda həftəsonu quru hava şəraitində keçdi. Buna görə də Spa bu mövsüm ilk dəfə həqiqətən yağışlı şəraitlə qarşılaşacağımız yarış ola bilər. Hava şəraiti baxımından burada hər şey baş verə bilər”.

Rauf Hacıyev

Şərh əlavə et