Xəbəri Kokpitdə Oxuyun!

Alonso: F2 maşınından zəif olacağıq

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Spa-Frankorşam trasında enerji idarəetməsi həlledici rol oynayacaq və enerjidən düzgün istifadə edilmədiyi halda Formula 1 bolidləri hətta Formula 2 avtomobillərindən də yavaş ola bilər.

2026-cı il mövsümündə qüvvəyə minən yeni güc qurğusu reqlamenti ilə elektrik mühərriyi və daxiliyanma mühərriyinin güc payı demək olar ki, 50/50 səviyyəsinə çatıb. Bu da enerji idarəetməsini performansa təsir edən ən vacib amillərdən birinə çevirib. Bu xüsusilə enerji baxımından tələbkar traslarda daha qabarıq hiss olunur.

Britaniya Qran Prisinə ev sahibliyi edən Silverstoun uzun düzlükləri və sərt əyləcləmə nöqtələrinin azlığı səbəbindən belə traslardan biri idi. Bu həftəsonu keçiriləcək Spa-Frankorşam da oxşar xüsusiyyətlərə malikdir.

Fernando Alonso bildirib ki, ən səmərəli enerji strategiyası tətbiq olunarsa, pilotlar trasın ikinci sektorunu tamamilə elektrik dəstəyi olmadan keçməli olacaqlar.

İspaniyalı sürücünün sözlərinə görə, belə vəziyyətdə 2026-cı il Formula 1 bolidləri hətta Formula 2 avtomobillərindən də az güc hasil edəcək.

Formula 1-ə keçid seriyası olan Formula 2-də hibrid sistemdən istifadə edilmir. Bütün komandalar Dallara şassisi və 3,4 litrlik Mecachrome V6 turbo mühərriki ilə yarışırlar.

Fernando Alonso: “Silverstoun və Spa enerji sərfiyyatı baxımından çox çətin traslardır. Bütün düzlüklərdə elektrik gücündən istifadə etmək mümkün deyil. Bu həftə də vəziyyət eyni olacaq. Əgər Spa-da 1-ci döngədən 5-ci döngəyə qədər bütün enerjinizi istifadə etsəniz, dövrənin qalan hissəsində artıq ehtiyatınız qalmayacaq.

Buna görə də 14-cü döngədən Bus Stop şikanına qədər olan hissədə elektrik dəstəyindən yararlana bilmək üçün dövrənin əvvəlində müəyyən qədər enerjiyə qənaət etməlisiniz.

Ancaq bu iki uzun düzlükdə enerjidən istifadə etsəniz – ki, ən optimal strategiya da budur – ikinci sektoru təxminən bir dəqiqə ərzində tamamilə elektrik dəstəyi olmadan keçməli olacaqsınız.

Elektrik dəstəyi olmadıqda bir şeyi unutmamalıyıq: bu il bolidlərimiz ötən illə müqayisədə xeyli az gücə malikdir. Hətta elektrik sistemi deaktiv olduqda Formula 2 avtomobillərindən belə daha az güc istehsal edəcəyik. Əsas çətinlik də məhz budur”.

Rauf Hacıyev

Şərh əlavə et