Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Belçikaya yeniliklərlə gəlir

Ferrari pilotları son üç Qran Prinin ikisində qələbə qazanıblar və bununla da İtaliya komandası lider Mercedes ilə fərqi əhəmiyyətli dərəcədə azaldıb. Belə vəziyyətdə Maranelloda əldə olunan uğurun davam etdirilməsi üçün bolidin inkişaf tempini daha da artırmağa çalışmaları tamamilə məntiqlidir.

Lakin Belçikadakı Spa trasının uzun düzlüklərində SF-26-nın zəif tərəflərinin üzə çıxması riski var. Belə olacağı təqdirdə Mercedes ilə bərabər səviyyədə mübarizə aparmaq çətinləşə bilər. Bu, Avstriya mərhələsində də baş vermişdi. İtaliya mətbuatının yazdığına görə, Ferrari Belçika Qran Prisinə ən azı iki mühüm texniki yenilik hazırlayır.

Birinci yenilik paddokda “La Makarena” adlandırılan arxa qanadın yeni versiyasıdır. Bildirilir ki, bu variant əvvəlki ilə müqayisədə xeyli səmərəli olacaq. Hesablamalar özünü doğruldacağı təqdirdə düzlüklərin sonunda maksimal sürət saatda 11 km artacaq.

Məhz bu tip arxa qanadlar hazırda FIA-nın xüsusi diqqət mərkəzindədir. Əvvəlcə Ferrari, daha sonra isə Red Bull tərəfindən hazırlanan bu konstruksiya Maks Ferstappenin bolidində baş vermiş nasazlıqlardan sonra diqqət çəkib. Həmin problemlər Avstriya və Silverstoun mərhələlərində təhlükəli qəzalara səbəb olmuşdu. Bununla belə, Maranelloda hazırladıqları həllərin tam qanuni olduğuna inanırlar və FIA-nın müdaxilə edib onları qadağan edəcəyindən narahat deyillər.

İkinci yenilik isə STM sistemi ilə bağlıdır. Söhbət buraxılış borusunun yaxınlığında yerləşdirilən kiçik aerodinamik elementdən gedir. Bu detal iki funksiyanı yerinə yetirir: düzlükdə arxa qanadın effektivliyini azaldır, eyni zamanda diffuzorun arxasında mənfi təzyiq zonası yaradaraq aerodinamik səmərəliliyi artırır.

Rauf Hacıyev

Şərh əlavə et