Xəbəri Kokpitdə Oxuyun!

Ə.Nyui: Çətinliklər pis xatirəyə dönəcək

Aston Martin komandasının texniki direktoru Ədrian Nyui bolidin inkişafı prosesində üzləşilən çətinliklərdən danışaraq, Fernando Alonso və Lens Stroll ilə qurulan ünsiyyətin yetərli olmadığını etiraf edib.

Aston Martin yeni texniki reqlament dövrünə ən uğursuz başlayan komandalardan biri olub. Mövsümün indiyədək geridə qalan hissəsində komanda heç bir yarışda rəqabətədavamlı çıxış edə bilməyib. Yeganə xal isə Monako Qran Prisində yaşanan cəza qərarlarından sonra Fernando Alonsonun hesabına yazılıb.

Büdcə limitini nəzərə alan komanda mövsümün ilk yarısında kiçik yeniliklər gətirməkdən imtina edib və bütün ümidini bir böyük, kompleks yeniləmə paketinə bağlayıb. Bu vəziyyət isə pilotlar Fernando AlonsoLens Strollun səbir kasasını daşırmaq üzrə idi.

Silverstoundakı bazada danışan əfsanəvi konstruktor Ədrian Nyui pilotların məyusluğunu başa düşdüyünü bildirib: “Həm Fernando, həm də Lens üçün bütün bu performans və etibarlılıq problemlərindən sonra rəqabətədavamlı mübarizə apara bilməmək son dərəcə əsəbidir.

Buna görə də hər ikisi ilə oturub hazırda nə üzərində işlədiyimizi, Macarıstanda təqdim edəcəyimiz yeniləmə paketindən nə gözlədiyimizi və 2027-ci il mövsümü üçün planlarımızı ətraflı izah etməyə ehtiyac hiss etdim”.

Nyui bildirib ki, komanda pilotların fikirlərinə qulaq assa da, bunu onlara kifayət qədər göstərməyib: “Kənardan elə görünməsə də, onların rəylərini mütləq dinləyirik və buna uyğun hərəkət etməyə çalışırıq. Amma insanlar səslərinin eşidilmədiyini hiss edəndə təbii olaraq məyus olurlar.

Deməli, bəlkə də Fernando, Ləns və ehtiyat pilotumuz Cek Krouford ilə birlikdə oturub bu yeniləmə paketi ilə nəyə nail olmağa çalışdığımızı izah etmək üçün kifayət qədər vaxt ayırmamışıq. Bu məsələdə günah bizimdir”.

Aston Martin-in taleyini dəyişməsi gözlənilən radikal yeniləmə paketi yay fasiləsindən əvvəl keçiriləcək Macarıstan Qran Prisində hər iki boliddə istifadəyə veriləcək. Paketin ikinci hissəsi isə yay fasiləsindən sonrakı ilk yarış olan Niderland Qran Prisində təqdim ediləcək. Həmin yarışda Honda da 2026-cı il üçün nəzərdə tutduğu yeganə mühərrik yeniləməsini gətirəcək.

Yeni paket təkcə bolidin aerodinamikasını demək olar ki, tamamilə yeniləyəcək, həm də ciddi çəki azalması təmin edəcək. Hazırkı AMR26 bolidinin minimum çəki limitindən təxminən 10-15 kq ağır olduğu bildirilir. Yeni paketlə ön şassi və sürətlər qutusu yüngülləşdirilib, buna görə də bolid yenidən FIA-nın təhlükəsizlik testlərindən keçməli olub.

Nyui mövsümün əvvəlində niyə kiçik yeniliklər gətirmədiklərini də izah edib: “Öyrənmə tempimiz rəqiblərimizdən geri qalırdı və mövsümün ilk yarışlarından etibarən rəqabətədavamlı ola bilməyəcəyimiz aydın oldu. Buna görə də ilin ilk yarısında heç bir yenilik etməmək qərarına gəldik.

Bu, ağrılı qərar idi. Çünki hamı inkişaf etdiyi halda bizim yerimizdə saymağımız ön qrupla fərqin daha da artması demək idi.

Amma məqsədimiz gələcək üçün sistemləri daha yaxşı təşkil etmək, fabriki vahid struktur altında birləşdirmək və araşdırmalarımızı düzgün aparmaq idi. Çünki 2026-cı il bolidi çox sıx qrafikdə, tələsik hazırlanmışdı.

Bu proses bizə bir addım geri çəkilməyə, qışda öz üzərimizə qoyduğumuz lazımsız təzyiqi azaltmağa, dərindən nəfəs alıb problemlərimizi anlamağa imkan verdi”.

Sonda Nyui komandaya dəstək olan hər kəsə təşəkkür edib: “Hər kəsə səbrinə və anlayışına görə təşəkkür edirəm. Bizim, pilotlarımız və tərəfdaşlarımız üçün hazırkı nəticələri izləmək çox ağırdır. Amma ümid edirəm ki, yaşadığımız bu çətinliklər yaxın gələcəkdə sadəcə xoşagəlməz bir xatirə olaraq qalacaq”.

Rauf Hacıyev

Şərh əlavə et