Xəbəri Kokpitdə Oxuyun!

G.Berger: Qızıl dövrdə yarışmışam

Formula 1 karyerası ərzində beş müxtəlif komandada çıxış etmiş Gerhard Berger, o cümlədən Ferrari və McLaren komandalarının şərəfini qoruyub. Lakin o, karyerasındakı 10 qələbənin həm ilkini, həm də sonuncusunu Benetton bolidinin sükanı arxasında qazanıb.

Bu il avstriyalı əfsanənin Formula 1-də ilk qələbəsinin 40 ili tamam olur. Berger ilk dəfə 1986-cı il oktyabrın 12-də Meksika Qran-prisinin qalibi kimi podiumun ən yüksək pilləsinə qalxmışdı. Məhz buna görə də o, builki Qudvud Sürət Festivalının ən önəmli qonaqlarından biri olub.

Hazırda 66 yaşı olan Gerhard Berger həmin ilk qələbəsini qazandığı BMW mühərrikli Benetton B186 bolidinin sükanı arxasına yenidən keçib. O, bu bolidlə festivalın banisi, Riçmondun 11-ci hersoqu Çarlz Qordon-Lennoksun malikanəsinə yaxınlaşıb və eyvana çıxarkən tamaşaçılar onu gurultulu alqışlarla qarşılayıblar.

Gerhard Berger deyib: “Bu, mənim Qudvud Sürət Festivalındakı ilk iştirakımdır. Amma burada keçirilən digər möhtəşəm tədbir – Goodwood Revival festivalında dəfələrlə olmuşam. Hətta demək olar ki, həmin festival keçirilən ilk illərdən orada iştirak edirdim. Bu il isə Çarlz mənə zəng vuraraq ilk qələbəmin 40 illiyini birlikdə qeyd etməyi təklif etdi. Bir daha deyə bilərəm ki, Qudvud festivalı sadəcə möhtəşəmdir.

40 il əvvəlki hadisələri xatırlayanda müxtəlif nəsilləri müqayisə etməmək mümkün deyil. Mən hesab edirəm ki, Formula 1-in qızıl dövründə yarışmışam. Benetton bolidimdəki BMW turbomühərriyi 1000 at gücü hasil edirdi. Düşünürəm ki, bu günə qədər belə güc səviyyəsinə çatılmayıb. Üstəlik, həmin bolidlərdə təkərlərin sürüşməsini məhdudlaşdıran heç bir elektron sistem yox idi. Bu, tamamilə saf güc idi.

Bir əliniz sükanın üzərində olurdu, digər əliniz isə daim sürətlər qutusunun qolunda. Çünki həmin mühərriklər yalnız çox dar dövriyyə diapazonunda maksimum səmərə verirdi. Bu, əsl ‘hardkor’ avtoidman idi. Biz həm çox sürətli, həm də çox güclü bolidlər idarə edirdik. Üstəlik, o dövrdə Formula 1-də yarışan pilotlara baxanda həmin illərin nə qədər möhtəşəm olduğunu bir daha anlayırsan.

Niki Lauda, Naycel Mansell, Nelson Pike, Alen Prost, Ayrton Senna… Çempionlar çox idi. Həmin dövrü nə qədər çox xatırlayıramsa, onun bir o qədər xüsusi və təkrarolunmaz olduğunu düşünürəm.

Bir dəfə Ferrari-dən mənə zəng etdilər və Maranelloya gəlməyimi istədilər. Dedilər ki, Enzo Ferrari mənimlə görüşmək istəyir. Beləcə, onun şəxsən müqavilə bağladığı son pilot oldum. Bu hadisə indi də mənə inanılmaz görünür, o vaxt isə daha da möhtəşəm idi…

Daha sonra Ferrari-dən McLaren-ə keçərək, Ayrton Sennanın komanda yoldaşı oldum. Amma o vaxt bunun nə qədər çətin olacağını heç düşünmürdüm. Çünki bu barədə düşünsəydim, yəqin ki, həmin çağırışı qəbul etməzdim”, – deyə gülərək xatırlayıb.

“Bizim münasibətlərimiz çox yaxşı idi. Yaxın dost olmuşduq, birlikdə çox vaxt keçirirdik. Ancaq Ayrton inanılmaz dərəcədə məqsədyönlü insan idi. Mən hələ də hesab edirəm ki, Formula 1 tarixinin ən böyük pilotu məhz odur. Onunla birlikdə çox əylənmişik, hətta tam dəli hesab oluna biləcək işlər də görmüşük. Xoşbəxtlikdən o vaxt indiki kimi media yox idi. Buna görə də bəzən icazə verilən sərhədləri bir az aşmaq mümkün olurdu…

Elə alındı ki, 1986-cı ildə Benetton komandasına ilk qələbəsini mən qazandırdım. 1997-ci ildə Hokkenhaymda isə həmin komandanın tarixində son qələbəni də mən əldə etdim. Bu, özünəməxsus gözəl bir hekayədir. Cəmi bir neçə gün əvvəl Benetton brendinin təqdimatına görə Romaya dəvət almışdım və məhz orada xatırladım ki, bu marka üçün həm ilk, həm də son qələbəni qazanan pilot mən olmuşam”.

Rauf Hacıyev

Şərh əlavə et