Yenilənmiş reqlamentə əsasən, hər bir pilot mövsüm ərzində dörd daxiliyanma mühərriyindən, dörd turbokompressordan və dörd buraxılış sistemindən istifadə edə biləcək. Bundan əlavə, üç MGU-K, üç batareya və üç elektron idarəetmə blokunun istifadəsinə icazə veriləcək.
Əvvəlcə bu güzəştlərin yalnız 2026-cı il – yeni güc qurğusu reqlamentinin ilk mövsümü üçün nəzərdə tutulduğu açıqlanmışdı. FIA 2027-ci ildən etibarən yenidən daha sərt məhdudiyyətlərə qayıtmağı planlaşdırırdı. Həmin plana əsasən, mövsüm ərzində üç daxiliyanma mühərriyi, üç turbokompressor, iki MGU-K, iki batareya və iki elektron idarəetmə blokundan istifadəyə icazə verilməsi nəzərdə tutulurdu.
GPBlog-un məlumatına görə, yumşaldılmış məhdudiyyətlərin uzadılması ilə bağlı qərar reqlamentdə son dəyişikliklərin nisbətən gec təsdiqlənməsi ilə əlaqədardır. Nəticədə istehsalçıların yeni güc qurğularını hazırlamaq üçün daha az vaxtı qalıb və etibarlılıq problemlərinin yaranma riski artıb.
FIA vəziyyəti komponent limitlərini azaltmaqla daha da çətinləşdirməməyi qərara alaraq yeni texniki reqlamentin ilk illərində istehsalçılara daha çox sərbəstlik verib.
Güc qurğusu komponentlərinin əlavə dəstləri, xüsusilə də çempionata yeni qoşulan istehsalçılara etibarlılıq problemlərini icazə verilən limiti tez doldurmadan daha operativ şəkildə həll etməyə kömək etməlidir.
FIA yumşaldılmış məhdudiyyətlərin yeni texniki reqlamentin ilk üç mövsümü ərzində qüvvədə saxlanmasını da məhz bununla əsaslandırıb.




Şərh əlavə et