Xəbəri Kokpitdə Oxuyun!

Red Bull Bermanla maraqlanır

Maks Ferstappen gələcək planları ilə bağlı yekun qərar verməyənə qədər həm medianın diqqət mərkəzində qalacaq, həm də komandalardakı mümkün heyət dəyişiklikləri ilə bağlı xəbərlərin əsas mövzusu olacaq.

Sky Sports-un şərhçisi Devid Kroft iddia edir ki, Red Bull Racing hazırda Oliver Bermanı yaxından izləyir. Onun fikrincə, əgər dördqat dünya çempionu Maks Ferstappen komandanı tərk etmək və ya ümumiyyətlə Formula 1 karyerasını başa vurmaq qərarı versə, məhz Berman onun yerini tuta bilər.

Oliver Berman Ferrari Sürücü Akademiyasının yetirməsidir. Lakin Devid Kroftun həmkarı, keçmiş Formula 1 pilotu Martin Brandl hesab edir ki, gənc britaniyalının İtaliya komandasına keçmək şansı demək olar ki, yoxdur: “Oliver görür ki, Şarl Lekler Ferrari ilə müqaviləsini uzadıb. Üstəlik, hər şey onu göstərir ki, Lyuis Həmilton da komandada daha bir neçə il qalacaq. Buna görə də Ferrari komandasına gedən yol onun üçün bağlanıb.

Digər tərəfdən, Haas hələ də çempionatın ən kiçik komandasıdır və bolidin inkişaf tempini yüksək səviyyədə saxlamaq onlar üçün asan deyil.

Oliver əla pilotluq edir və bunu davam etdirməlidir. Görək Amerika komandasında vəziyyət necə inkişaf edəcək. Lakin Esteban Okon üzərində təzyiq getdikcə artır və onun gələcəyi sual altındadır. Bu vəziyyətdə Bermanın Haas qarşısında öhdəlikləri var, amma düşünürəm ki, artıq “B planı” barədə fikirləşməyin vaxtıdır”.

Devid Kroft isə hesab edir ki, Ferstappenin Red Bull-dan ayrılmaq ehtimalı komandanı artıq indidən alternativ variantlar üzərində düşünməyə vadar edib: “Vaxtilə Oliver Bermanı Ferrari Akademiyasına dəvət edən məhz Loran Mekis olub. Bildiyimə görə, Red Bull onu çox diqqətlə izləyir. Əgər Oliver Scuderia Ferrari-yə keçə bilməsə, Red Bull Racing onun üçün  əla seçim olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et