Yaşıl işıq yandıqdan sonra sürücülər trasa çıxıblar və bir saatlıq əsas məşq sessiyasına start verilib.
Sessiyanın ilk hissəsində sürətli dövrələr ard-arda gəlib. Pedro Akosta 1:32.357 nəticə ilə erkən temp müəyyənləşdirərək qısa müddətlik liderliyə yüksəlib. Lakin Marko Bezzekki gecikmədən cavab verib və 1:32.145 nəticə ilə Akostanı geridə qoyaraq ilk pilləyə yüksəlib.
İlk sürətli dövrələrdən sonra Aleks Markes 5-ci döngədə motosikletinə nəzarəti itirərək qəzaya uğrayıb. Qəzadan sonra motosikletinin dayandığı bildirilib və ispaniyalı sürücü boksa qayıdıb.
Ai Oqura üçüncü pilləyə yüksəlib. Toprak Razqatlıoğlu isə lider Bezzekkidən təxminən iki saniyə geri qalaraq 20-ci yerdə qərarlaşıb. İlk 15 dəqiqə tamamlandıqdan sonra sürücülərin böyük hissəsi sazlamalar və məlumat təhlili üçün boksa qayıdıblar.
Sessiyanın yarısı geridə qalarkən Xorxe Martin tempi artıraraq 1:31.956 nəticə göstərib və Bezzekkini geridə qoyaraq liderliyə yüksəlib. Bir neçə dövrə sonra isə nəticəsini 1:31.829-a yaxşılaşdıraraq fərqi bir qədər də artırıb.
Lakin Bezzekki növbəti cəhdində 1:31.587 nəticə ilə liderliyi geri alıb. Martin isə Raul Fernandesin də onu qabaqlaması ilə üçüncü pilləyə enib.
Sessiyanın ikinci hissəsində Ai Oqura 1:31.443 nəticə ilə zirvəyə yüksəlib. Bu vaxt Toprak Razqatlıoğlu 1:32.973 nəticə ilə 11-ci yerdə qərarlaşıb.
Daha sonra sürücülərin əksəriyyəti yenidən boksa dönüb. Trasda qalan Fabio Di Cannantonio 1:31.899 nəticə ilə Xorxe Martinin arxasında 6-cı pillədə yer alıb.
Sessiyanın son 15 dəqiqəsində Pedro Akosta 1:31.751 nəticə ilə 4-cü yerə yüksəlib. Ardınca Fermin Aldeqer 11-ci döngədə motosikletinə nəzarəti itirərək çınqıl zonasına çıxıb. Qısa müddətlik sarı bayraqlar göstərilsə də, bu hadisə digər sürücülərin dövrələrinə təsir etməyib. Aldeqer tibbi mərkəzə aparılıb.
Marko Bezzekki 1:31.123 nəticə ilə yenidən liderliyə yüksəlib. Raul Fernandes 1:31.370 nəticə ilə ikinci pillədə qərarlaşıb.
Sessiyanın bitməsinə təxminən beş dəqiqə qalmış Xorxe Martin 11-ci döngənin girişində motosikletinə nəzarəti itirərək otluq sahəyə çıxıb. Sarı bayraqlar göstərilib, nəticədə Françesko Banyayanın və Cek Millerin sürətli dövrələri ləğv olunub.
Bir qədər sonra Aleks Markesin qəzasına görə qırmızı bayraqlar dalğalandırılıb və sessiyanın bitməsinə üç dəqiqə qalmış bütün sürücülər boksa qayıdıblar. Markes tibbi mərkəzə aparılıb.
Fasilədən sonra sessiya yenidən bərpa olunub.
Françesko Banyaya son cəhdində 1:31.384 nəticə göstərərək dördüncü pilləyə yüksəlib. Toprak Razqatlıoğlu isə 1:32.593 nəticə ilə sessiyanı 20-ci yerdə başa vurub.
Beləliklə, Marko Bezzekki 1:31.123 nəticə ilə əsas məşq sessiyasını lider tamamlayıb. Raul Fernandes ikinci, Pedro Akosta isə üçüncü olub.




Şərh əlavə et