Xəbəri Kokpitdə Oxuyun!

E.Okon seriyasını davam etdirmək istəyir

Haas komandasının sürücüsü Esteban Okon Mayami Qran Prisindən sonra komandanın ciddi hazırlıq keçdiyini vurğulayıb

Kokpit.az xatırladır ki, fransalı sürücü 2017-ci ildən bəri iştirak etdiyi bütün Kanada yarışlarında xal qazanıb. O, ötən mövsüm Jil Vilnöv trasında 9-cu yeri tutmuşdu.

Esteban Okon: “Mayami mərhələsindən sonra Kanada Qran Prisinə hazırlaşmaq üçün üç həftə vaxtımızın olması yaxşı oldu. Çox məşq etdik, komanda ilə birlikdə simulyatorda işlədik və yenidən sükan arxasına keçməyi səbirsizliklə gözləyirəm.

Monreala həmişə xüsusi motivasiya ilə qayıdırıq. Yarış Şimali Amerikada keçirildiyi üçün komanda müəyyən mənada bunu ev yarışı hesab edə bilər, mən isə Kvebekdə fransızca danışıldığı üçün özümü orada rahat hiss edirəm.

Şəhərin özünəməxsus atmosferi var, Kanada azarkeşləri möhtəşəmdir və bu trasda sürmək çox maraqlıdır.

Mayami bizim üçün çətin keçdi, ancaq çox faydalı nəticələr çıxardıq və hansı sahələrdə inkişaf etməli olduğumuzu anladıq. Bu problemlərin həllinə artıq çox yaxınlaşmışıq. Üstəlik, bu həftəsonu maşınımızda bir sıra yeniliklər olacaq və ümid edirik ki, onları dərhal effektiv şəkildə işlədə biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et