Xəbəri Kokpitdə Oxuyun!

Haas Kanadaya yeniliklərlə gəlir

Haas F1 komandası mövsümün ən maraqlı mərhələlərindən biri sayılan Kanada Qran Prisinə hazırlaşır. Son 44 ildə yarış iyun ayında keçirilsə də, bu dəfə mayın sonuna salınıb və bu da hava şəraitini daha da qeyri-sabit edə bilər. Proqnozlara görə, xüsusilə şənbə günü Monrealda yağış ehtimalı yüksəkdir.

Kokpit.az xatırladır ki, Amerikan komandası mövsümün ilk 4 yarışından sonra 18 xal toplayıb və hazırda turnir cədvəlində altıncı yerdə qərarlaşıb.

Ayo Komatsu: “Kanada Qran Prisini həmişə səbirsizliklə gözləyirik. Yarış böyük tarixə malik trasda keçirilir, Monreal isə möhtəşəm şəhərdir.

Bu il ora həmişəkindən daha erkən gedirik və əminəm ki, Kanada havası öz sözünü deyəcək. Həftəsonunu səbirsizliklə gözləməyimizin başqa səbəbi isə hazırladığımız yenilik paketidir. Amma sprint formatına görə cümə günü yalnız bir məşq sessiyamız olacaq və həmin vaxt ərzində hər şeyi qiymətləndirib yeniliklərdən maksimum səmərə almağa çalışmalıyıq.

Qarşıda bizi çox iş gözləyir. Digər komandalar Mayamidə eyni vəziyyətlə üzləşmişdi, buna görə də bu çağırışı qəbul etməyə və ilk onluq uğrunda mübarizə aparmağa hazırıq”.

Oliver Berman isə ötən ili xatırladaraq daha yüksək nəticə hədəflədiyini deyib

Oliver Berman: “Ötən il düşünürdüm ki, Monrealda daha yaxşı nəticə əldə edə bilərdik. Buna görə indi təbii ki, 11-ci yerdən daha yuxarı qalxmağa çalışacağam.

Kanadada növbəti texniki yenilik paketimizi təqdim edəcəyik, lakin sprint həftəsonu olduğuna görə ideal sazlamaları dərhal tapmaq asan olmayacaq. Bununla belə, əminəm ki, orta qrupda mübarizə aparacaq və hər iki yarışda xal uğrunda yarışacağıq.

Monrealı sevirəm. Burada həm azarkeşlər əladır, həm də tras çox maraqlıdır. Hətta belə hava şəraitinə qarşı da heç nə demirəm! Keçən illə müqayisədə Kanadaya üç həftə daha erkən getdiyimiz üçün hava amilinin həftəsonuna nə qədər təsir edəcəyini görmək maraqlı olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et