2026-cı ildən etibarən Aston Martin ilə birlikdə Formula 1-ə qayıdan Honda-nın yeni güc qurğusu gözləntilərin xeyli gerisində qalıb. İddialara görə, Honda xüsusilə güc tərəfində ciddi çatışmazlıq yaşayır və bu vəziyyət Fernando Alonso ilə Ləns Strollun rəqabət qabiliyyətini böyük ölçüdə zəiflədib.
Lakin problem təkcə güc qurğusunda olmayıb. Silverstoun mərkəzli komandanın AMR26 bolidi də mövsümə problemlərlə başlayıb. Maşında yaranan güclü vibrasiya problemlərinin pilotlarda ciddi fiziki narahatlıq yaratdığı bildirilərkən, Aston Martin tərəfi problemin əsas səbəbkarı kimi böyük ölçüdə Honda-nı göstərib. Bəzi mənbələr isə problemin güc qurğusunda deyil, şassidə olduğunu iddia edib.
Xüsusilə aerodinamikanın atası kimi görülən Ədrian Nyuinin Honda-nın performansını sərt şəkildə tənqid etdiyi və bunun iki tərəf arasında gərginlik yaratdığı da iddia olunub. Hər nə qədər Honda bu iddiaları təkzib etsə də, komanda daxilində əhvalın yaxşı olmadığı gizlədilməyib.
Xarici mətbuatın məlumatına görə, Formula 1 rəhbərliyi və digər güc qurğusu istehsalçıları Honda-nın yaşadığı problemlərin markanı idmandan tamamilə çəkilmə nöqtəsinə gətirə biləcəyindən narahat olublar.
Jurnalist Con Noubl mövzu ilə bağlı bunları deyib: “Mövsümün əvvəlindən problemlərlə mübarizə aparan Honda, inkişaf işləri üçün təxminən 19 milyon dollar əlavə dəstək almağa hazırlaşır.
Rəqiblərin yardım mövzusunda ortaq qərar verməsi diqqətçəkicidir. Formula 1 normalda amansız mühitdir və komandalar rəqiblərinə kömək etmək istəmirlər. Amma Honda-nın Aston Martin ilə yaşadığı problemlərin miqyası hər kəs tərəfindən narahatedici hesab olunur. Buna görə də rəqib komandalar Aston Martin-in əlavə maliyyə dəstəyi almasına etiraz etməyərək prosesin qarşısını açırlar. Əgər problemlər həll olunmasa, Honda-nın Formula 1-dən çəkilmə ehtimalının olduğu belə düşünülürdü”.
Xəbərə görə Honda-nın hazırkı performansı referans nöqtəsindən təxminən 10 faiz geridədir. Formula 1-in ADUO sistemi çərçivəsində performans baxımından rəqiblərindən geri qalan istehsalçılara əlavə inkişaf hüquqları verilir. Bu çərçivədə Honda-nın inkişaf büdcəsi 11 milyon dollara yüksəldilib.
Bundan əlavə, yapon istehsalçıya 2026-cı il mövsümü üçün birdəfəlik 8 milyon dollarlıq əlavə dəstək də təqdim olunub.
Beləliklə, Honda-nın güc qurğusunu inkişaf etdirmək və problemləri həll etmək üçün istifadə edə biləcəyi ümumi büdcə təxminən 19 milyon dollara çatıb.
Honda-ya əlavə test imkanı da verilib. Normalda 190 saat olan test limiti, performans baxımından 10 faiz geridə qalan istehsalçı üçün 230 saata yüksəldilib.



Şərh əlavə et