Startda poul mövqeyindən başlayan Nikola Tsolov liderliyi qorudu, ikinci yerdə Lorens van Hoepen gedirdi, üçüncülüyə isə təcrübəli Coşua Dürksen yüksəldi. O, seriyanın debütantı Niko Varroneni problemsiz keçdi.
Yarışın ilk yarısında mübarizə daha çox mövqe qoruma üzərində qurulmuşdu, ön sıralarda ciddi dəyişiklik yox idi. Yalnız Oliver Göte diqqət çəkirdi. Belə ki, almaniyalı sürücü üçüncü yerdən start alsa da, ilk onluqdan kənara düşdü və ardınca mövqelər itirməyə davam etdi.
Tsolov bir epizodda səhvə yol verərək şikanı kəsdi və buna görə van Hoepeni önə buraxmalı oldu. Amma 16-cı dövrədə bolqar sürücü klassik DRS ötməsi ilə liderliyi geri qaytardı.
Finişə beş dövrə qalmış Tsolov yenidən lider idi, Hoepen ikinci, Dürksen isə üçüncü gedirdi. Onu isə çox aqressiv şəkildə Aleks Dann təqib edirdi, hətta bu aqressiya səhvlərə də səbəb olurdu.
İlk beşliyi Varrone tamamlayırdı, xallar uğrunda isə həmçinin Martinius Stenshorn, Qabriele Mini və Dino Beqanoviç mübarizə aparırdılar.
20-ci dövrədə Dann gec əyləc hesabına nəhayət Dürkseni keçdi. Bu arada van Hoepen Tsolova təzyiqi artırırdı. Bolqar sürücünün təkərləri artıq xeyli yeyilmişdi, lakin o, hücumları ustalıqla dəf edirdi. Trident komandası isə öz sürücüsünü daha aqressiv hücuma çağırırdı.
Yalnız son dövrədə van Hoepen rəqibini keçə bildi və artıq ilk qələbəyə çox yaxın idi. Amma Tsolov inanılmaz manevrlə mövqeyini geri aldı. Əvvəl rəqibi səhvə məcbur etdi, sonra onunla yanaşı gəlib sondan bir əvvəlki döngədə onu keçdi!
Bu qələbə Tsolovun çempionatdakı üstünlüyünü daha da artırdı. O, Invicta Racing komandasının sürücüsü Rafael Kamara ilə fərqi artırdı, çünki braziliyalı bu gün xal qazana bilmədi.
Amerikalı Kolton Herta da xal zonasına düşə bilmədi, baxmayaraq ki, o, yerli azarkeşləri sevindirmək istəyirdi. Kolton mübarizə aparsa da, yalnız 15-ci yeri tutdu, yəni start mövqeyindən də geri düşdü. Onu isə 21-ci yerdən başlayan DAMS komandasının digər debütantı, polşalı Roman Bilinski qabaqladı.
Bazar günü əsas yarışa poul mövqeyindən Kuş Maini start verəcək, Tsolov isə 10-cu yerdən başlayacaq. Ancaq sprint göstərdi ki, bolqar sürücü Mayaminin texniki trasında da yarışmağı bacarır. Bugünkü qələbə ona əlavə motivasiya verəcək.




Şərh əlavə et