Xəbəri Kokpitdə Oxuyun!

F1-də işlər necə bölünür?

Matias Esixa Formula 1-ə marağını hələ uşaq yaşlarında, televiziyada yarışlara baxarkən qazanıb və o vaxt Fernando Alonsoya azarkeşlik edir və məşhur həmyerlisinin qələbələrinə sevinirdi. İndi isə, iki onillik sonra, özü də F1-in paddokunda çalışır. O, Haas komandasında sistem mühəndisi kimi yarış briqadasının üzvüdür və mövsümün əksər mərhələlərinə gedir.

28 yaşlı Matias işi barədə danışıb: “Formula 1 maşınında çoxlu sayda elektrik və elektron sistemlər var və onların hamısı kalibrləmə və nəzarət tələb edir. Bizim vəzifəmiz bu sistemlərin düzgün işləməsini təmin etməkdir.

Biz yeganə mühəndislərik ki, maşınla real vaxt rejimində əlaqədəyik – həm o qarajda olanda, həm də trasda hərəkətdə olarkən. Eyni zamanda bütün bu sistemlərin etibarlılığını yoxlayırıq. Adətən Qran Pri zamanı iş günüm 12-13 saat davam edir. Məsələn, Barselonadakı mövsümöncəsi testlərdə ilk günlərdə təxminən 17 saat işləyirdim.

Mövsüm ərzində mühəndislər arasında rotasiya olur, çünki 24 mərhələ çox böyük yükdür. Nəticədə hər birimiz təxminən 15 yarışda iştirak edirik. Keçən il ezamiyyətlərdə ümumilikdə 200 günə yaxın vaxt keçirmişəm.

Yeni texniki reqlamentə keçidlə çox ciddi dəyişikliklər baş verib, maşınla işin əksər aspekti dəyişib və bunların hamısı kənardan görünmür. Hazırda bizim üçün asan deyil, çünki mövsümə yaxşı başlamaq çox vacibdir, lakin bütün problemlər həll oluna bilər.

Adətən yeni reqlamentin ilk ilində inkişaf tempi çox yüksək olur. Başlanğıcda komandalar arasındakı fərq artır, ancaq zamanla balans bərpa olunur. Əsas məsələ başlanğıcda düzgün baza qurmaqdır ki, sonradan maşını effektiv inkişaf etdirmək mümkün olsun”.

Haas komandasında necə işləməyə başladığı ilə bağlı isə belə deyib: “Açığı, heç vaxt Formula 1-də işləyəcəyimi düşünmürdüm. Universitetdə telekommunikasiya mühəndisliyi üzrə təhsil almışam, amma məqsədim motorsportda işləmək idi – hansı kateqoriya olmasının fərqi yox idi.

Bəlkə də məhz buna görə buradayam. Həm də avtomobillər ailəmiz üçün həmişə vacib olub. Atam avtosalon sahibi idi və mən tez-tez ona kömək edirdim. Uşaq vaxtı isə onunla birlikdə bazar günləri yarışlara baxırdıq.

Səkkiz yaşım olanda İspaniyada Fernando Alonso ilə bağlı böyük bum başlamışdı və onun uğurları mənə inanılmaz sevinc bəxş edirdi. O, həmişə mənim qəhrəmanım olub. Bir dəfə Əbu-Dabidə paddokda onunla şəkil çəkdirmək üçün icazə istəmişdim. İnanılmazdır ki, 20 il sonra da o, hələ də Formula 1-də çıxış edir.

Amma onun 33-cü Qran Pri qələbəsindən daha çox mən Haas komandasının ilk qələbəsini görmək istərdim. Yarış qazanmaq çox çətindir və əsasən mövsüm ərzində maşını nə qədər inkişaf etdirə bildiyinizdən asılıdır. Əsas məsələ mövsümə necə başlamaq deyil, onu hansı nəticə ilə başa vurmaqdır.

Düşünürəm ki, bu baxımdan Aston Martin komandası böyük potensiala malikdir və Alonso artıq 44 yaşında olsa da, istədiyi qədər yarışa bilər. O, xüsusi sürücüdür və məncə, müəyyən səbəblərə görə layiq olduğundan daha az nailiyyət əldə edib…”

Rauf Hacıyev

Şərh əlavə et