Kokpit.az xatırladır ki, niderlandlı sürücü Formula 1-in hazırkı reqlamentindən narazıdır və bunu açıq formada bildirir.
Jan Alezi: “Hazırda Maksın kifayət qədər problemləri var, ona doğrudan da çətindir. Yəqin ki, elə bir dövrdür ki, ən sürətli pilotlar digərlərinə nisbətən daha çox əziyyət çəkirlər. Suzuka kvalifikasiyasını xatırlayın: həm Maks, həm də Şarl Lekler dövrənin hər döngəsini daha sürətli keçsələr də, son hissədə temp itirdilər.
Maşının sazlanması daha çox mühəndislərdən asılıdır. Pilotun edə biləcəyi maksimum şey sakit qalmaq və mühəndislərə problemi həll etməyə imkan verməkdir. Amma mənə xoş gəlir ki, Ferstappen fikirlərini açıq şəkildə deyir. Bəli, o, komandanı motivasiya etməyə çalışır, lakin bu o demək deyil ki, komandaya qarşıdır.
O, mətbuat konfransında hər şeyin ideal olduğunu deyə bilməz. O, mühərrikdən nə istədiyini, aerodinamikada hansı istiqamətdə dəyişiklik lazım olduğunu deməlidir. Bu tənqid deyil, inkişaf üçün çağırışdır.
Maks mənə xoş gəlir – bilirsiniz niyə? Çünki bir vaxtlar o, həddindən artıq aqressiv idi, xüsusilə Lyuis Həmiltonla mübarizə dövründə. Həmilton onu keçəndə sanki üzərinə atılmağa hazır görünürdü. Amma indi o, əsl ötmə ustasına çevrilib və yarış zamanı onu izləmək inanılmaz dərəcədə maraqlıdır”.
Aleziyə Ferstappeni bütün zamanların ən yaxşı pilotu hesab edib-etmədiyi soruşulduqda isə belə cavab verib: “Hazırda o, mənim üçün bir nömrədir, amma tarix baxımından yox. Çünki onu Ayrton Senna, Xuan Manuel Fanxii və Tazio Nuvolari ilə müqayisə etmək olmaz. O dövrlərdə texnika da, risk səviyyəsi də tam fərqli idi. Amma məncə, o, öz nəslinin ən yaxşı pilotudur…”




Şərh əlavə et