Mövsümün əvvəlində Rikkardo Adaminin başqa vəzifəyə keçirilməsi ilə Həmilton sabit yarış mühəndisi olmadan çıxış edir. Bundan sonra Ferrari yeni namizəd axtarışına başlayıb və vəzifə üçün McLaren-in sabiq mühəndisi Sedrik Mişel-Qrojan ilə razılığa gəlib.
Fransız mühəndis hazırda komanda ilə işləsə də, hələ rəsmi olaraq bu rolu üzərinə götürməyib.
Adaminin ayrılmasından sonra Həmilton Barselonadakı “shakedown” həftəsində komanda yoldaşı Şarl Leklerin yarış mühəndisi Brayan Bottsi ilə çalışıb.
Bəhreyndə keçirilən mövsümöncəsi testlərdən etibarən isə Həmiltona əvvəllər Kimi Rəykkönenlə işləyən Karlo Santi müşayiət edib.
Mişel-Qrojan mövsümün açılış yarışı olan Melburndan etibarən prosesə daxil olsa da, qısa müddətdə dəyişiklik gözlənilmir. Məlumatlara görə, Santi hələlik vəzifəsində qalacaq və 1–3 may tarixlərində keçiriləcək Mayami Qran-prisində də Həmiltonun yanında olacaq.
Lyuis Həmilton mövsümöncəsi testlər zamanı bu müvəqqəti həllin müəyyən çətinliklər yarada biləcəyini bildirmişdi: “Bu, əslində çətin prosesdir, çünki tapılan həll uzunmüddətli və daimi deyil. Mövcud sistem sadəcə bir neçə yarış davam edəcək.
Mövsümün əvvəlində yenidən dəyişiklik olacaq və yeni biri ilə işləməyə uyğunlaşmalı olacağam. Bu isə mənim üçün mənfi haldır.
İdeal halda mövsümə uzun müddət birlikdə işlədiyin və hər şeyi birlikdə yaşadığın komanda ilə başlamaq istəyərsən. Amma vəziyyət belə deyil və mən əlimdən gələni edəcəyəm. Komanda da bu prosesi mümkün qədər problemsiz keçirmək üçün çalışır”.
Ferrari komandasının rəhbəri Fred Vassyör isə Həmilton qədər narahat görünmür. O, vəziyyətin əhəmiyyətini kiçildərək mediadan bu mövzuya həddindən artıq diqqət yetirməməyi xahiş edib.




Şərh əlavə et