Xəbəri Kokpitdə Oxuyun!

J.Todt: Şumaxer utancaq idi

 Ferrari komandasının sabiq rəhbəri Jan Todt, Mixael Şumaxerin Formula 1 karyerası boyunca sahib olduğu özünəinamın təkəbbür kimi qiymətləndirilməsinin böyük səhv olduğunu bildirib.

Fransalı mütəxəssis bu yanaşmanın reallığı əks etdirmədiyini vurğulayıb və yeddiqat Dünya Çempionu Mixael Şumaxerin əslində daxilində daşıdığı müəyyən özünəinam çatışmazlığının onun ən güclü tərəflərindən biri olduğunu qeyd edib.

“High Performance” podkastına qonaq olan Todt 1996–2006-cı illər arasında birlikdə çalışdığı Şumaxer haqqında maraqlı açıqlamalar verib və alman pilotun təbiətcə kifayət qədər utancaq biri olduğunu deyib.

Jan Todt bildirib: “Mixael kifayət qədər həssas insandır.

O, digərlərindən daha çox bildiyini düşünən, sərt xarakterli biri deyil. Sənə bir nümunə verim – bu, mənim üçün çox təsirli an idi və Mixaelin kim olduğunu yaxşı göstərir.

Dünya çempionu olduqdan sonra, yeni mövsüm başlamazdan əvvəl məndən Fyoranodakı xüsusi trasda test keçirmək üçün icazə istədi. Dedi ki, ‘Mənə yarım gün verə bilərsən? Hələ də yaxşı vəziyyətdə olduğuma əmin olmaq istəyirəm’.

Yaxşı olduğuna tam əmin olmamaq – məncə, bu çox böyük gücdür”, – deyə o əlavə edib.

Şumaxerin təkəbbürlü olduğunu düşünənlərin yanılıb-yanılmadığı ilə bağlı suala Todt qəti cavab verib: “Tamamilə yanılırlar. Mixael utancaq, amma səxavətli insandır.

O, utancaqlığını təkəbbür kimi görünərək gizlədib”.

Keçmiş Ferrari rəhbəri əlavə edib ki, Şumaxerlə münasibətləri zamanla peşəkar əməkdaşlıqdan dostluq və hətta ailə münasibətlərinə çevrilib: “Bunu çox tez anladım. Çünki 1997-ci ildə yenidən zirvəyə qayıtmaq üçün mübarizə aparmalı idik.

O, qorunduğunu və sevildiyini hiss edib. Bu qarşılıqlı olub. Beləliklə, münasibətlərimiz addım-addım peşəkarlıqdan dostluğa və ailəvi əlaqələrə çevrilib”.

Rauf Hacıyev

Şərh əlavə et