Testlər zamanı Lyuis Həmilton SF-26 bolidini idarə edib. Maşın sonuncu Yaponiya Qran Prisində istifadə olunan spesifikasiyada olub, çünki komandanın ona yeni komponentlər quraşdırmasına icazə verilməyib.
Fyorano Formula 1 testləri üçün sertifikatlaşdırılmış azsaylı Avropa traslarından biridir və burada asfaltın süni şəkildə isladılmasına imkan verən suvarma sistemi mövcuddur. Bu da həm keçid, həm də güclü yağış təkərlərinin müxtəlif şəraitdə sınaqdan keçirilməsinə şərait yaradır.
Pirelli-nin mətbuat xidmətinin məlumatına görə, cümə günü əvvəlcə güclü yağış təkərlərinin yeni prototipləri test olunub. Bu təkərlər daha geniş şərait diapazonunda, o cümlədən yağışın daha zəif olduğu hallarda istifadə üçün nəzərdə tutulmuş yeni protektor quruluşuna malik olub.
Günün ikinci yarısında isə işlər keçid təkərləri ilə davam etdirilib. Xüsusilə Full Wet və Intermediate təkərlər arasında keçidin hansı şəraitdə daha məqsədəuyğun olduğu qiymətləndirilib.
Həmilton gün ərzində 461 kilometr məsafə qət edib ki, bu da 155 dövrəyə bərabərdir. Onun ən yaxşı nəticəsi 1:00.740 saniyə təşkil edib. Hava temperaturu cümə günü 22 dərəcəyə qədər yüksəlib. Ümumilikdə iki gün ərzində britaniyalı sürücü 297 dövrə vuraraq 884 kilometr məsafə qət edib.
Gələn həftə Pirelli Mercedes və McLaren komandaları ilə birlikdə testləri davam etdirəcək. Bu sınaqlar 14–15 aprel tarixlərində Nürburqrinq trasında baş tutacaq. Sonuncu dəfə 2020-ci ildə Formula 1 yarışına ev sahibliyi etmiş bu trasın təbii konfiqurasiyası təkərlərə düşən uzununa və eninə yüklər arasında optimal balans yaratdığı üçün xüsusilə slick təkərlərin sınaqları üçün əlverişli hesab olunur.




Şərh əlavə et