Xəbəri Kokpitdə Oxuyun!

Könüllülərin F1-ə faydası

FIA çoxsəhifəli hesabat dərc edərək Formula 1 yarış həftəsonlarının keçirilməsində iştirak edən könüllülərin miqyasını və rolunu ilk dəfə geniş şəkildə təhlil edib.

FIA Universiteti tərəfindən hazırlanmış araşdırma ödənişsiz fəaliyyət göstərən rəsmi şəxsləri – marşallardan və müşahidəçilərdən tutmuş xilasetmə xidmətləri və tibbi heyətə qədər əhatə edib və bu sistemin real ölçülərini yeni rakursdan qiymətləndirməyə imkan verib.

Nəticələrə görə, hər bir Formula 1 mərhələsinin təşkili üçün orta hesabla 838 könüllü tələb olunur. Mövsüm miqyasında isə bu rəqəm 20 mindən çox insanın iştirakını nəzərdə tutur. FIA-ya üzv klubların bu böyük heyətin cəlb olunması, hazırlanması və təminatı üçün xərcləri təxminən 12,9 milyon dollar təşkil edib.

Araşdırma göstərib ki, könüllülərin yerini sahə üzrə standart maaş alan peşəkar əməkdaşlarla əvəz etmək hər il ən azı 15,5 milyon dollar daha çox xərc tələb edərdi.

Eyni zamanda, ciddi loqistika çətinlikləri və artan iş yükü – xüsusilə də bir çox iştirakçının yarış həftəsonlarında işləmək üçün ödənişsiz məzuniyyət götürməsi – FIA-nı bu sistemin uzunmüddətli dayanıqlığına daha çox diqqət ayırmağa vadar edib.

“Hesabatın nəticələri aydın göstərir ki, Formula 1-in gələcək liderliyi könüllülərə əsaslanan modeldən daha sistemli və peşəkar şəkildə qurulmuş əməkdaşlıq modelinə keçiddən asılıdır,” – deyə sənəddə qeyd olunub.

Hazırda FIA rəsmi şəxslərin hazırlığı proqramlarına hər il təxminən 400 min dollar investisiya yatırır və gələcəkdə bu maliyyənin artırılması planlaşdırılır. Bundan əlavə, hakimlərin hazırlanması üçün “mükəmməllik mərkəzi” adlandırılacaq ixtisaslaşmış təlim mərkəzinin yaradılması təşəbbüsü də nəzərdən keçirilir.

Rauf Hacıyev

Şərh əlavə et